Şrift:
Laçın uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan 19 yaşlı qəhrəman
24.08.2021 [11:07] - Xəbərlər, Hərb
Avqustun 24-ü Vətən müharibəsi şəhidi Abasov Samir Adəm oğlunun doğum günüdür. Qəhrəman əsgər döyüşdə göstərdiyi şücaətə görə ölümündən sonra iki medalla təltif olunub.

Samir 2001-ci ildə Şabran rayonunun Uzunboyad kəndində anadan olub. Orta məktəbdə təhsilini başa vurduqdan sonra 2020-ci ilin yanvar ayında hərbi xidmətə yollanıb.

Samir Abasov Vətən müharibəsinin ilk günündən həmlə qruplarında döyüşlərə qatılıb. Əvvəlcə Suqovuşan və Talış cəbhələrində savaşıb. Sonrakı döyüş yolu Laçın rayonu istiqamətində olub. 19 yaşlı döyüşçü düşmənlə savaşda şücaəti ilə hərbiçi yoldaşlarının rəğbətini qazanıb.

Samir oktyabrın 13-də Laçın rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən düşmən mərmisinin partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.

“Mənim üç oğlum var. Ortancıl oğlum Samir Vətən müharibəsində şəhid olub. Samir hərbi xidmətə 2020-ci ilin yanvar ayında yollanmışdı. Cəbhə bölgəsində xidmət edirdi, Goranboyun Tapqaraqoyunlu kəndində. Müharibə başlayanda da döyüşə ilk qoşulanlardan biri idi. Talış, Suqovuşan döyüşlərində fəallıq göstərib. Müharibənin 16-cı günü şəhidlik zirvəsinə ucalıb”, - deyə şəhidin atası Adəm Abasov söyləyib.

Samir Abasovun iki qardaşı və bir bacısı var. O, təkcə ailəsinin yox, eləcə də təhsil aldığı məktəbin, yaşadığı kəndin sevimlisi idi. Son döyüşə yollanmazdan əvvəl ailəsi ilə əlaqə saxlayan Samir düşmənin məhv edildiyini, tezliklə bütün torpaqlarımızın düşməndən azad olunacağını bildirib.

Şəhid anası Bibixanım Abasova deyib: “Samir tərbiyəli, yerini bilən övlad idi. Mən onunla fəxr edirəm, həmişə də fəxr edəcəyəm. Tez-tez zəng edirdi. Axırıncı dəfə zəng edəndə atasına dedi ki, maşındayıq döyüşə gedirik. Sonra ondan zəng gəlmədi. Bir ana üçün çox ağırdır. Mən fəxr edirəm ki, elə qəhrəman övladın anasıyam. Mən onunla qürur duyuram. Tək mən yox, bütün Azərbaycan xalqı şəhidlərimizlə qürur duyur. Vətən sağ olsun”.

Samir Abasov Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda“ və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
Bu xəbər oxucular tərəfindən 1632 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed