Şrift:
Siyasi ekspert: Ümid edirik ki, BMT Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində yaxından əməkdaşlıq edəcək
25.08.2021 [10:11] - Xəbərlər, Siyasət
Azərbaycan dövlətinin və xalqının Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış münaqişənin sülh yolu ilə həlli üçün böyük səbr və təmkin nümayiş etdirməsi, Vətən müharibəsində üstün hərbi, iqtisadi və siyasi gücə sahib olmasına baxmayaraq, hərbi əməliyyatları ən son çıxış yolu kimi nəzərdən keçirməsi, humanizm prinsiplərinə sədaqətimizin, insan həyatına verdiyimiz yüksək dəyərin bariz nümunəsidir. Məhz bu baxımdan, 44 gün davam edən İkinci Qarabağ müharibəsinə görə məsuliyyət, yalnız işğalçı Ermənistanın deyil, 28 il ərzində Azərbaycan torpaqlarının işğalına, istismar və viran edilməsinə, azərbaycanlıların etnik təmizləməyə, soyqırımına məruz qalmasına, yüz minlərlə Azərbaycan vətəndaşının öz doğma evindən didərgin düşməsinə göz yumaraq, torpaqlarımızın qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını tələb etməyən və təcavüzkara qarşı beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn təzyiq mexanizmlərini işə salmayan beynəlxalq birliyin üzərinə düşür.

Bu fikirləri siyasi ekspert Elçin Mirzəbəyli bildirib.

Siyasi ekspert diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin BMT-nin yeni rezident əlaqələndiricisi ilə görüşündə səsləndirdiyi fikirlər, Azərbaycan xalqının faciəsinə münasibətdə beynəlxalq təşkilatların, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu həmsədrlərinin uzun illər boyu nümayiş etdirdiyi ədalətsizliyin, işğalı stimullaşdıran məsuliyyətsiz davranışın qısa xülasəsi, dövlətimizin haqlı mövqeyinin hər zaman olduğu kimi təkzibolunmaz fakt və arqumentlərlə ifadə olunmasıdır. Azərbaycan torpaqlarının işğal altında qaldığı 28 ilin hər anı yüzminlərlə insanın ağrı-acısı, mənəvi əzabları, məhrumiyyətləri ilə suvanıb, daşlaşıb və yaddaşlarda silinməz izlər buraxıb.

"Azərbaycan 28 il ərzində müharibənin baş verməməsi üçün mümkün olan hər şeyi edib və ən əsası işğalçı ölkənin dəfələrlə, həmçinin müxtəlif qanlı təxribatlarla pozduğu, BMT qətnamələrinin icrasına görə məsuliyyət daşıyan güc mərkəzlərinin riyakar davranışları nəticəsində iflasa uğrayan danışıqlar prosesinin davam etməsi, ədalət prinsiplərinin qansız-qadasız bərpa olunması üçün tarixdə misli görünməmiş bir dözümlülük göstərib. Ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyev ən yüksək səviyyədə və bütün mühüm platformalarda ardıcıl olaraq, beynəlxalq birliyi Ermənistandan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını tələb etməyə, işğala son qoymağa çağırıb. Bu qətnamələri qəbul edən BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçünün ATƏT-in Minsk Qrupunun həmsədri olmasına, onlara ATƏT sədri tərəfindən verilən mandatın müddəalarında təcavüzkara qarşı təzyiqlərin həyata keçirilməsi üçün mexanizmlərin yer almasına baxmayaraq, Minsk qrupu 28 il ərzində mövcud imkan və vasitələrdən istifadə etməməklə, işğalın davam etməsinə, Azərbaycan xalqının daha çox məhrumiyyətlərə məruz qalmasına, Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinin daha çox istismar edilməsinə və dağıdılmasına rəvac verdi” , - deyə Elçin Mirzəbəyli əlavə edib.

Onun sözlərinə görə, məhz bu səbəbdən, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra etdi, beynəlxalq və İlahi ədaləti, beynəlxalq hüququn norma və prinsiplərini yerinə yetirdi, bəşəriyyətin, insanlığın haqqa, ədalətə, işığın qaranlıqdan, xeyirin şərdən daha güclü olduğuna olan inamını sarsılmağa qoymadı: “Azərbaycana qarşı ədalətsiz münasibət, təəssüf ki, beynəlxalq birliyin susqunluğu, beynəlxalq hüququn qorunmasına görə məsuliyyət daşıyan bəzi ölkələrin işğalçını himayə etməsi ilə yekunlaşmadı, hətta Ermənistanın dünyanın gözü qarşısında Azərbaycanın tarixi abidələrinə, bəşəriyyət üçün böyük mənəvi dəyəri olan irsimizin məhv edilməsinə gözü yumuldu.

İşğal dövründə Azərbaycan həmin ərazilərdə tarixi abidələrimizə dəymiş ziyanla tanış olmaq üçün UNESCO-nu bölgəyə dəvət etsə də, UNESKO bundan imtina etdi. Amma müharibə bitəndən sonra isə, əksinə, Ermənistanın, erməni diasporunun, 28 il ərzində işğalın davam etməsini dəstəkləyənlərin yalan və böhtan üzərində qurulan, heç nədən hay-küylərini əsas götürərək əksinə, bölgəyə gəlmək istədiyini bildirdi. Bütün bunlar, hətta bəşəriyyətə məxsus mədəni irsin qorunmasına görə məsuliyyət daşıyan bir təşkilatın belə siyasi maraqlardan doğan ikili standartlara yenildiyini nümayiş etdirir və olduqca utancverici bir davranışdır".

Siyasi ekspert bildirib ki, bu gün kimlərsə yenidən müharibədən əvvəlki siyasi ritorikanı gündəmə gətirməklə, bölgənin “qapılarını” xarici müdaxiləyə açıq saxlamaq, geosiyasi oyunların epidsentrlərindən birinə çevirmək istəyirlər: "Amma müharibə başa çatıb, münaqişə həll olunub və Azərbaycan bu mövzuda heç kimlə, xüsusilə də 28 illik haqsızlığın dəstəkçiləri və günahkarları ilə müzakirə aparmaq niyyətində deyil. Azərbaycan gələcəyə baxır və viran qoyulmuş ərazilərini bərpa etmək, bölgədə davamlı və dayanıqlı sülhün təmin olunması üçün irimiqyaslı layihələri həyata keçirmək əzmindədir. Bizim hədəfimiz xalqımızın daşıdığı yüksək mənəvi keyfiyyətləri ifadə edən quruculuqdir. Biz fitrətdən qurucu, yaradıcı xalqıq".

E.Mirzəbəyli ümud etdiyini bildirib ki, BMT Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində ölkəmizlə yaxından əməkdaşlıq etməklə bölgədə qurucu, yaradıcı atmosferin davamlı olmasına öz töhfəsini verəcək.
Bu xəbər oxucular tərəfindən 238 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed