Şrift:
Baş Prokurorluğun Elm-Tədris Mərkəzində nəzəri biliklərin artırılması və peşə vərdişlərinin təkmilləşdirilməsi məqsədilə tədbir keçirilib
27.08.2021 [15:25] - Xəbərlər, Sosial
Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə keçirilmiş 2021-ci ilin birinci yarımilinin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsinin yekunu üzrə prokurorluq işçilərinin nəzəri və peşə hazırlığının artırılması, qanunvericiliyə edilən dəyişikliklərin mənimsənilməsi, istintaq, dövlət ittihamının müdafiəsi, cinayət təqibindən kənar fəaliyyət üzrə vahid təcrübənin formalaşdırılması, insan hüquq və azadlıqlarının müdafiəsi problemlərinin öyrənilməsi məqsədilə tədris tədbirlərinin təşkil olunması qərara alınıb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, silsilə xarakteri daşıyan tədris tədbirlərindən birincisi avqustun 13-də Baş Prokurorluğun Elm-Tədris Mərkəzində keçirilib. Bu qəbildən olan növbəti tədris tədbiri avqustun 27-də təşkil edilib. Tədbirə dinləyici qismində Baş Prokurorluğun və Bakı Şəhər Prokurorluğunun aidiyyəti idarə və şöbələrinin, Bakı şəhəri, o cümlədən respublikanın bir sıra rayon (şəhər) prokurorluqlarının məsul əməkdaşları onlayn şəkildə qoşulublar.

Tədris zamanı mühazirəçilər tərəfindən dinləyicilərə “Cinayət işləri üzrə vurulmuş ziyanın ödənilməsi, mülki iddianı və xüsusi müsadirəni təmin etmək məqsədilə həyata keçirilməli tədbirlər: xarakterik pozuntular və onların aradan qaldırılması yolları” və “Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ, insan hüquqları ilə bağlı qanunvericilik aktları, dövlət proqramları və beynəlxalq sənədlər” mövzusunda mühazirələr deyilib, mövzular ətrafında geniş müzakirələr aparılıb, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

Tədbir zamanı, həmçinin milli qanunvericiliyə edilmiş mühüm əlavə və dəyişikliklər, qüvvəyə minmiş yeni qanunlar, fərmanlar və sərəncamlar, habelə Konstitusiya və Ali Məhkəmənin plenum qərarları barədə ətraflı məlumat verilib.

Prokurorluq işçilərinin nəzəri bilikləri və peşə vərdişlərinin daha da inkişaf etdirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 568 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed