Şrift:
Azərbaycan multikulturalizmi fənninin tədrisi xaricdə uğurla davam edir
31.08.2021 [10:28] - Gündəm, Sosial
Azərbaycan multikulturalizmi fənninin xarici ölkələrdə tədrisi layihəsi çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkil etdiyi dərslər 2021-2022-ci tədris ilində də uğurla davam etdiriləcək.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycanın multikulturalizm ənənələri, bütövlükdə Azərbaycan mədəniyyəti və tarixinin təbliği layihəsi kimi həyata keçirilən tədris prosesində artıq 23 xarici ölkə universiteti iştirak edir. Bu tədris ilindən etibarən, siyahıya daha iki xarici ölkə universitetinin adı əlavə ediləcək. Multikulturalizm Mərkəzi ilə Cənubi Koreyanın Donqduk Qızlar Universitetinin Avrasiya Türk Xalqları Araşdırma İnstitutu arasında artıq əməkdaşlıq haqda müqavilə imzalanıb. Müqaviləyə əsasən, Donqduk Qızlar Universitetinin Avrasiya Türk xalqları Araşdırma İnstitutunda Azərbaycan multikulturalizmi fənni tədris olunacaq. Dərslər 2021-2022 tədris ilinin birinci semestrinə planlaşdırılır. Xatırladaq ki, Donqduk Qızlar Universiteti 1950-ci ildən fəaliyyət göstərir və 7500 tələbəsi var.

Qeyd edək ki, hazırda BBMM ilə Pakistan Müasir Dillər Milli Universiteti arasında da danışıqlar aparılır. Əməkdaşlıq müqaviləsi imzalandıqdan sonra, 2021-2022-ci tədris ilinin 2-ci semestrində bu universitetdə də Azərbaycan multikulturalizmi kursunun tədrisi planlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 361 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed