Şrift:
Kölndəki Azərbaycan icması ilə görüş keçirilib
31.08.2021 [11:02] - Xəbərlər, Siyasət
Almaniyada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Kölndə fəaliyyət göstərən Azərbaycan icması ilə görüşüb. Görüşdə Köln şəhərində və ətrafında yaşayan azərbaycanlılar, Almaniyanın aparıcı universitetlərində çalışan həkim soydaşlarımız, Türkiyənin Kölndəki konsulluğunun əməkdaşları, türk diasporunun və KİV-lərinin təmsilçiləri iştirak ediblər.

Komitənin mətbuat xidmətindən bildiriblər ki, tədbiri giriş sözü ilə açan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bir daha Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə olunan parlaq və şanlı Zəfər münasibətilə soydaşlarımızı təbrik edib. Həmin dönəmdə Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq naminə nümayiş etdirdikləri birlik, həmrəylik fəaliyyətə görə minnətdarlığını bildirib.

Komitə sədri Almaniyada Ümumavropa Qarabağ mitinqinin və digər izdihamlı tədbirlər keçirildiyini xatırladaraq, artıq qalib xalqın diasporunun həyatında yeni və mühüm mərhələnin başladığını nəzərə çatdırıb, diasporun güclənmiş şəkildə meydana çıxması üçün gənclərə böyük diqqət və qayğının göstərilməsini tövsiyə edib. “Biz birliyə nail olmalıyıq. Bu gün bizi birləşdirən dəyərlər daha çoxdur. İnsanları birləşdirən və bizi gücləndirən dəyərlərə daha çox diqqət göstərməliyik”, - deyə sədr bildirib.

Tədbir Komitənin son illərdəki fəaliyyət istiqamətlərini, həyata keçirdiyi layihələri, o cümlədən diaspor fəallarının Şuşaya səfərini əks etdirən videoçarxların nümayiş etdirilməsi ilə davam edib.

Sonra isə Şimali Reyn Vestfaliya vilayətinin dövlət məmuru Elnur Rixter, Almaniyanın Ruhr Universitetinin dosenti, İngiltərənin Kembric Universitetində təhlükəsizlik iqtisadiyyatı qrupunun rəhbəri, Cənubi Afrikanın Cape Universitetinin qonaq dosenti Elxan Sadıqzadə, Almaniya Yazarlar Birliyinin üzvü, yazıçı, tərcüməçi, publisist Orxan Aras, Alman–Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva, İRKAZ təşkilatının üzvü, Almaniyanın “HennaMond” şirkətinin əməkdaşı Samir Həsənov, türk diasporunun üzvü Levent Taşkıran və başqaları çıxış ediblər. Onlar soydaşlarımız arasında birlik və həmrəyliyin böyük əhəmiyyət kəsb etməsindən, soykökünə, milli kimliyə bağlılığın vacibliyindən, Azərbaycan və Türkiyə diasporlarının birliyindən, alman ictimaiyyəti arasında, xüsusilə də mediada Azərbaycan həqiqətlərinin təbliği istiqamətində görülən işlərdən, nüfuzlu yerli KİV-lərlə əməkdaşlığın əhəmiyyətindən və bu sahədə mövcud olan çətinliklərdən danışıb, gələcək fəaliyyətə dair təkliflər irəli sürülüblər.

Görüş fikir mübadiləsi və sualların cavablandırılması ilə yekunlaşıb.
Bu xəbər oxucular tərəfindən 296 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed