Şrift:
Vətən müharibəsi şəhidi Qismət Qardaşxanovun xatirəsi yad olunub
01.09.2021 [10:22] - Xəbərlər, Hərb
Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan Qismət Qardaşxanovun anadan olmasının 28-ci ili qeyd edilib. Şəhidin məzarı başında keçirilən anım günündə onun qəhrəmanlıqla dolu xatirəsi yad olunub, ruhuna dualar oxunub.

Qardaşxanov Qismət Qərib oğlunun anım mərasimində şəhidin ailəsi ilə bərabər Füzuli rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, Dini Qurumlarla işi üzrə Dövlət Komitəsinin nümayəndəsi, kənd sakinləri, Vətən müharibəsi qaziləri iştirak ediblər. Şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb.

Çıxış edənlər Azərbaycan Ordusunun 44 gün ərzində yağı düşmən üzərində qazandığı Zəfərdən söhbət açıblar. Bildirilib ki, bu Qələbə Azərbaycan tarixinə yazılan şanlı bir səhifə olaraq xatırlanacaq və haqq döyüşünə qoşularaq canlarını fəda edən şəhidlərimiz daim bu tarixin əsl qəhrəmanları olaraq yaddaşlarda qalacaqlar. Vurğulanıb ki, Vətən müharibəsində ölümün gözünə dik baxan igidlər bir amal uğrunda döyüşərək şəhadətə yüksəlməklə 30 illik Vətən həsrətinə son qoydular və hər birinin həyatı dastana çevrildi. Canını Vətən uğrunda fəda edən oğullarımız həm də gələcək nəsillər üçün əsl örnək oldular.

Diqqətə çatdırılıb ki, Qismət Qardaşxanov da indi həmin şanlı səhifədə özünə yer qazanıb. Birinci Qarabağ döyüşləri zamanı dünyaya göz açan Qismətin şərəfli ömür yolundan da danışılıb. Bildirilib ki, 1993-cü il avqustun 30-da Füzuli rayonun Mahmudlu-1 kəndində anadan olan Qismət uşaqlıq illərini də elə cəbhə rayonunda keçirərək vətənpərvər ruhda yaşa dolub. O, yeniyetmə çağlarında belə torpağa Vətənə bağlı olması ilə seçilib. Həqiqi hərbi xidmətə ruh yüksəkliyi ilə yollanan Qismət xidməti dövründə də nizamlı əsgər olaraq seçilib. Xidmətini bitirdikdən sonra hərbçi olmaq arzusu ilə yaşayan Qismət müddətdən artıq xidmətçi olaraq Vətən keşiyində dayanıb. Əks hücumlar zamanı Qismət də ön sıralarda döyüşə qoşulub. Füzuli, Cəbrayıl, Xocavənd uğrunda gedən döyüşlərdə mərdliyi və qorxmazlığı ilə seçilən Qismət əsl qəhrəman kimi torpaqlarımızın azad edilməsi uğrunda mərdliklə vuruşub. Oktyabr ayının 5-də gərgin döyüşlər zamanı Qismət şəhid olub. Natiqlər anım mərasimində şəhidin yaxınlarına Allahdan səbir, şəhidimizə isə rəhmət diləyiblər.

Qardaşxanov Qismət Vətən müharibəsində göstərdiyi şücaətə görə (ölümündən sonra) "Vətən uğurunda", "Füzulinin azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. Şəhid Qismət Qardaşxanov ailəli olub, iki övladı yadigar qalıb.
Bu xəbər oxucular tərəfindən 2144 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed