Şrift:
Səhiyyə Nazirliyinin baş cərrahı: Təkrari əməliyyat birincini icra edən həkim tərəfindən aparılmamalıdır
02.09.2021 [13:51] - Gündəm, Sosial
Azərbaycan Tibb Universitetinin ümumi cərrahiyyə kafedrasının müdiri, Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahı, Səhiyyə Nazirliyinin baş cərrahı Elçin Ağayev Azərbaycanda cərrahiyyə sahəsindəki ümumi vəziyyət, əsas problemlər və mürəkkəb rekonstruktiv cərrahi əməliyyatlar təşkili qaydası barədə məlumat verib. professor Elçin Ağayevlə müsahibəni təqdim edir.

- Ölkədə cərrahiyyə sahəsindəki vəziyyəti necə dəyərləndirirsiz?

- Ümumi cərrahiyyə sahəsindəki əsas uğurlarımız kimi endoskopik, xüsusilə laparoskopik və torakoskopik əməliyyatlarının icrasını qeyd edə bilərik. Orqan nəqli, əsasən qaraciyər və böyrəklərin transplantasiyası sahəsində böyük uğurlara imza atmışıq. Cərrahiyyənin müxtəlif sahələrində əldə etdiyimiz uğurların əsas səbəblərindən biri də son 30 ildə qardaş Türkiyədə təhsil alan və uzmanlıq dərəcəsinə yiyələnən kadrlarımızdır. Həmin tibb işçilərinin bu uğurlarda böyük payı var.

- Cərrahiyyə sahəsində hazırda əsas problem nədir?

- Qeyd olunan sahələrdə əldə olunan uğurlar xaricə xəstə axınının ciddi şəkildə azalmasına səbəb olub. Təəssüf hissi ilə qeyd etmək istərdim ki, böyük uğurlarımızın olmasına baxmayaraq, səhiyyəmizin bəzi sahələrində, xüsusilə özəl sektorunda bir sıra qüsurlar mövcuddur. Bəzən belə klinikaların həkimlərinin “müstəqilliyi”nə görə xəstələrinin səhhətində yaranan ağırlaşmalarla bağlı sərbəst qərar verilməsi bir sıra problemlər yaradır. Ölkənin aparıcı mütəxəssislərinin belə ağırlaşmalar zamanı zəngin təcrübəsindən yararlanmamaq çox ciddi fəsadların meydana gəlməsinə səbəb olur. Biz dəfələrlə şahidi olmuşuq ki, özəl xəstəxanalarda mürəkkəb rekonstruktiv əməliyyatlar böyük təcrübəyə malik olmayan qeyri-peşəkar cərrahlar tərəfindən icra olunur. Hətta bu əməliyyatlardan sonra başlayan ağırlaşmalara görə icra olunan təkrari əməliyyatlar da təcrübəli mütəxəssislər dəvət olunmadan elə həmin həkimlərin özləri tərəfindən həyata keçirilir. Bu, çox ciddi qüsur və nöqsandır, çünki dəfələrlə tövsiyə olunub ki, təkrari əməliyyatlara mütləq təcrübəli mütəxəssislər dəvət edilməlidir və birinci əməliyyatı icra edən həkim tərəfindən aparılmamalıdır. Burada həm psixoloji amillər həkimin fəaliyyətinə mənfi təsir göstərə bilər, həm də təkrar əməliyyatın mürəkkəb olduğuna görə burda zəngin kliniki təcrübəyə və elmi biliklərə malik olan həkimlərin iştirakı olduqca vacibdir. Bunu da özəl klinikalarda fəaliyyət göstərən gənc həkimlər mütləq bilməli və əməl etməlidir.

- Mürəkkəb rekonstruktiv cərrahi əməliyyatlar necə təşkil olunmalıdır?

- Əslində mürəkkəb rekonstruktiv cərrahi əməliyyatlardan əvvəl konsiliumlar keçirilməli, ciddi məsləhəhtləşmələr aparılmalı, əməliyyatı aparan həkimin kompetensiyası müəyyən edilməli, ehtiyac olduqda isə əməliyyata təcrübəli mütəxəssislər cəlb olunmalıdır. Əgər təcrübəsiz həkimin məsuliyyətsizliyi üzündən baş verən ağırlaşmalar təkrarlanarsa, o zaman həkimin fəaliyyətinə mütləq məhdudiyyət qoyulmalıdır. Ümumiyyətlə, böyük həcmli rekonstruktiv bərpa əməliyyatlarının məhdud fəaliyyət dairəsinə malik olan özəl xəstəxanalarda icrası məqsədəuyğun deyildir.

Digər bir problem, bəzi həkimlər tərəfindən xəstələrin sanki özəlləşdirilməsidir. Bu tipli həkimlərin xəstələri ətraflarında olan həkimlərlə məsləhətləşməkdən çəkinirlər. Əslində belə həkimlər dərk etməlidirlər ki, məsləhətləşmələr, hətta kənardan mütəxəssislərin dəvət olunması onların özləri üçün faydalıdır. Sevindirici haldır ki, ölkədə çox böyük elmi potensiala və kliniki təcrübəyə malik olan dosentlərimiz və professorlarımız var. Gənc, eyni zamanda, kliniki təcrübəsi az olan həkimlər bilsinlər ki, biz hər an onların çağırışlarına gəlməyə və yardımçı olmağa hazırıq.

- Əgər vətəndaş keçirdiyi uğursuz cərrahi əməliyyatdan narazıdırsa, nə etməlidir?

- Belə müraciətlər var. Belə hallarda, Səhiyyə Nazirliyinə rəsmi qaydada müraciət edilməlidir. Əmin ola bilərsiniz ki, daxil olan hər müraciət həssaslıqla araşdırılaraq, lazımi tədbirlər görülür. Düşünürəm ki, qeyd olunan problemlərin aradan qaldırılması mümkündür və Səhiyyə Nazirliyinin cərrahiyyə üzrə baş mütəxəssisi kimi bu problemlərin həlli istiqamətində əlimdən gələnləri etməyi borcluyam.
Bu xəbər oxucular tərəfindən 514 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed