Şrift:
Deputat: Prezidentin Sumqayıta səfəri göstərdi ki, azad edilmiş ərazilərin bərpası ilə yanaşı, ölkəmizin digər bölgələrinin inkişafı da diqqət mərkəzindədir
06.09.2021 [09:54] - Xəbərlər, Siyasət
Prezident İlham Əliyevin Sumqayıt şəhərinə səfəri bir daha göstərdi ki, işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması prioritet olmaqla yanaşı, ölkəmizin hər bir bölgəsinin davamlı inkişafı dövlətimizin diqqəti mərkəzindədir. Sumqayıt şəhərinin timsalında Azərbaycan regionlarının sosial-iqtisadi inkişaf proqramlarının uğurla həyata keçirildiyini görürük.

Pandemiyanın dünya iqtisadiyyatına mənfi təsirlərinə baxmayaraq, Azərbaycan regionda iqtisadi inkişaf dinamikasını və investisiya cəlbediciliyini qoruyub saxlamağı bacarıb ki, bunun da əsasını Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş uğurlu iqtisadi siyasət təşkil edir.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin sədri Cavid Osmanov söyləyib.

Deputat qeyd edib ki, 2021-ci ilin yanvar-iyul aylarının yekunlarına əsasən, ölkəmizdə qeyri-neft sənaye sahəsində 16,4 faizlik artımın olması sənayeləşmə istiqamətində atılan addımların müsbət nəticə verdiyini bir daha təsdiqləyir. Pandemiya şəraitində bu yüksək artım tempi xüsusilə diqqətəlayiq hal kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sənayeləşmə strategiyası qeyri-neft sektorunun davamlı inkişafını təmin edir ki, bu da xaricdən idxalın əhəmiyyətli dərəcədə azaldılmasına gətirib çıxarır. Nəticədə isə ölkədən valyuta axınının qarşısı alınmış olur.

“Cari il yanvarın 18-də Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında sulfat turşusu, şüşə tara məhsulları və vərəqə şüşə istehsal edəcək yeni zavodların təməlinin qoyulması həmin sənaye məhsulları üzrə xaricdən asılılığın aradan qaldırılmasına, yeni iş yerlərinin yaradılmasına imkan verir. Bu, həm də valyutanın ölkəmizdə qalması, yerli istehsalın canlanması, iş yerlərinin yaradılması və iqtisadiyyatın şaxələndirilməsi deməkdir.

Son 18 ildə ölkəmizdə qeyri-neft sənayesinin inkişafını təmin etmək məqsədi ilə müxtəlif proqramlar həyata keçirilir. Bu istiqamətdə görülən işlərə sənaye və yüksək texnologiyalar parklarının, sənaye məhəllələrinin yaradılmasını misal göstərmək mümkündür. Eyni zamanda, stimullaşdırıcı vergi və gömrük güzəştlərinin tətbiq edilməsi də qeyri-neft sənayesinin inkişafına istiqamətlənmiş mühüm amillərdəndir”, - deyə C.Osmanov qeyd edib.

Diqqətə çatdırılıb ki, həyata keçirilən uğurlu sənayeləşmə siyasəti nəticəsində Sumqayıt Cənubi Qafqazın ikinci mühüm sənaye mərkəzinə çevrilib. Sumqayıtda yüksək ekoloji standartlara cavab verən müəssisələr yaradılmış, bununla da yerli istehsal təmin olunub. Sumqayıt Kimya Parkında istehsal olunan sənaye məhsullarının ixracyönümlü olması ölkəmizin ixrac potensialının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Səfəri zamanı cənab Prezident İlham Əliyevin Sumqayıt Kimya Sənaye Parkında “Azmonbat” MMC-nin açılışını həyata keçirməsi ölkəmizdə sənayeləşmə prosesinin ardıcıl davam etdirilməsi, həmçinin qeyri-neft sənayesinin inkişafına verilən töhfə kimi qiymətləndirilməlidr. Sumqayıt Kimya Sənaye Parkında 24 sahibkarlıq subyektinə rezidentlik statusu verilib ki, onlardan 17-si istehsala başlayıb. 17-ci rezident məhz “Azmonbat” MMC-dir və bundan sonra 7 rezidentin də fəaliyyətə başlaması nəzərdə tutulur. Bu günə qədər Sumqayıt Kimya Sənaye Parkında 5500-dək insan daimi işlə təmin olunub.

Prezident İlham Əliyevin Sumqayıta səfəri zamanı diqqət çəkən məqamlardan biri də möhtəşəmliyi ilə göz oxşayan Sumqayıt Məhkəmə Kompleksinin açılış mərasimin baş tutması oldu. Məhkəmə kompleksinin yaradılması vətəndaşlara daha yüksək səviyyədə xidmət üçün nəzərdə tutulub.

Bundan əlavə, son illər ədliyyə sahəsində aparılan islahatlar, yeni məhkəmə binalarının tikilərək istifadəyə verilməsi, yeni regional inzibati və kommersiya məhkəmələrinin təsis edilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün işlək mexanizmlərin yaradılması bu sahədə görülən işlərin bir qismidir. Həyata keçirilən tədbirlər ədliyyə sisteminin inkişafına dövlət tərəfindən xüsusi diqqətin olmasından irəli gəlir.

Deputat vurğulayıb ki, son 18 ildə ölkədə dövlətimiz tərəfindən xüsusi diqqət göstərilən sahələrdən biri də təhsil sahəsidir. Ölkədə təhsil infrastrukturunun inkişaf etdirilməsi, müasir standartlara cavab verən yeni məktəb binaların tikilərək istifadəyə verilməsi bu sahənin inkişafının dövlət üçün prioritet sahələrdən biri olduğunu sübut edir. Prezident İlham Əliyevin Sumqayıt şəhərinə səfəri zamanı 20 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış olması da onun göstəricisidir ki, ölkədə elm-təhsil sahəsinin, həmçinin insan kapitalının daha da inkişaf etdirilməsi hər zaman ölkə prezidentinin diqqət mərkəzindədir.

Son illər ərzində ölkəmizdə sürətlə inkişaf etdirilən sahələrdən biri də elektrik təsərrüfatıdır. Ölkəmizin enerji potensialının daha da artırılması, yeni elektrik stansiyaları və yarımstansiyaların inşası, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması istiqamətində çox mühüm layihələr icra olunub. Dövlətimizin başçısının tapşırığına əsasən, 2018-ci ilin sonundan Enerjisistemin Reabilitasiya Proqramının qəbul edilərək icrasına başlanılması bu istiqamətdə həyata keçirilən işlər arasında xüsusi əhəmiyyəti ilə seçilir. Belə ki, bu Proqramın icrasına vaxtında başlanaraq təcili işlər görülməsəydi, 2019-cu və 2020-ci illərin yayında artan tələbatın, həmçinin Kür və Xəzərdə su səviyyəsinin kəskin aşağı düşməsinin fonunda enerji sistemində problemlər yarana bilərdi. Ümumiyyətlə, proqram çərçivəsində 12 elektrik stansiyasında və 23 yarımstansiyada yenidənqurma, təmir və bərpa işləri həyata keçirilib.

“Dövlətimizin başçısının səfəri zamanı “Sumqayıt” Elektrik Stansiyasının yeni estakada nasos stansiyasının açılış mərasimində iştirakı bu sahədə həyata keçirilən mühüm tədbirlərdəndir. “Sumqayıt” Elektrik Stansiyasında əsas avadanlıqlar, generatorlar və digər qurğular əsaslı təmir olunub. Bununla yanaşı, stansiyanın mövcud su nasos stansiyası da əsaslı şəkildə yenidən qurulub. Aparılan yenidənqurma və əsaslı təmir işləri stansiyanın etibarlı və səmərəli fəaliyyətinə müsbət təsir göstərib. Xəzər dənizində suyun səviyyəsinin düşmə prosesinin hələ də davam etməsi və stansiyanın avadanlıqlarının uzunmüddətli istismarı nəzərə alınmaqla, dayanıqlı və etibarlı iş rejiminə nail olmaq məqsədilə təxirəsalınmaz irimiqyaslı işlərə başlanılıb. Belə ki, dənizin içərisinə doğru, 5 metr dərinlikdən soyuq suyun götürülməsinə imkan verən 750 metr məsafədə estakada, həmçinin yeni su nasos stansiyası tikilib. Bununla da stansiyanın soyuducu su təchizatının etibarlılığı təmin edilib və ən əsası stansiyanın fəaliyyətinin dayanmasının qarşısı alınıb. Yeni estakada üzərində tikilən və elektrik stansiyasını xüsusi üsulla soyuq su ilə təmin edən yeni nasosxana istilik energetikası sahəsində ilk təcrübə sayılır”, - deyən deputat bildirib ki, ümumilikdə Prezidentin regionlara səfərlərinin təhlili göstərir ki, ölkəmizin hər bir bölgəsi paralel şəkildə davamlı inkişaf etdirilir.
Bu xəbər oxucular tərəfindən 448 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed