Şrift:
Böyük Britaniyanın “Queen Elizabeth” aviadaşıyıcı gəmisi Yaponiya limanını tərk edib
09.09.2021 [10:33] - Xəbərlər, Hərb
Sentyabrın 8-də Böyük Britaniyanın “Queen Elizabeth” flaqman aviadaşıyıcı gəmisi Yaponiyanın Tokio körfəzinin girişində yerləşən Yokosuka limanını tərk edib.

Bu barədə Kyodo agentliyi məlumat yayıb. Böyük Britaniyanın aviadaşıyıcı gəmisinin Yaponiya limanını tərk etdikdən sonra hara üzəcəyi barədə məlumat verilmir. Bununla yanaşı, onun ilk dəfə Yaponiya limanına yan aldığı qeyd edilir.

Xatırladaq ki, avqustun 24-də Yaponiya və Böyük Britaniya Sakit okeanda, Okinava adasından cənubda hərbi-dəniz qüvvələrinin birgə təlimlərini keçiriblər. Təlimlərdə Böyük Britaniyanın hərbi-dəniz qüvvələrinin zərbə aviadaşıyıcı qrupu “Queen Elizabeth” gəmisinin başçılığı altında iştirak edib. Yaponiya tərəfdən təlimlərə “İse” gəmisi, həmçinin Yaponiyaya və ABŞ-a məxsus 15 ədəd “F-35B” və “F-15” təyyarələri qatılıb. Təlimlər zamanı tərəflər göyərtə aviasiyasının uçuş və enmə proseslərini məşq ediblər.

Əlavə olaraq qeyd edək ki, 70,6 min ton su tutumuna malik olan “Queen Elizabeth” gəmisinin uzunluğu 280, eni 73 metrdir. Gəminin heyəti 679 nəfərdən ibarətdir. Aviadaşıyıcının rəhbərlik etdiyi zərbə qrupuna 40 qırıcı, o cümlədən 24 qırıcı-bombardmançı, 9 sualtı qayıqlara qarşı və 5 uzaq məsafəli radiolokasiya təyinatlı helikopter daxildir.
Bu xəbər oxucular tərəfindən 3421 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed