Şrift:
Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
10.09.2021 [09:13] - Xəbərlər, Hərb
Vətən müharibəsi şəhidləri polkovnik-leytenant Həmdəm Mail oğlu Ağayevin və baş leytenant Adil Asəm oğlu İbrahimlinin doğum günləri münasibətilə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə xatirə tədbirləri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Milli Məclisin, Müdafiə Nazirliyinin, Xəzər və Ağdam Rayon İcra hakimiyyətlərinin rəsmiləri, şəhidlərin ailə üzvləri, Vətən müharibəsi iştirakçıları və qazilər, ictimaiyyət nümayəndələri İkinci Şəhidlər xiyabanını ziyarət edib, şəhid məzarlarının önünə əklil, çələnglər qoyaraq onların xatirəsini ehtiramla yad ediblər.

Tədbirdən əvvəl respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsinə bir dəqiqəlik sükut elan edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.

Polkovnik Abdulla Qurbani hər iki hərbi qulluqçunun qısa, lakin şərəfli, hər bir gənc üçün örnək olan ömür yollarından, Azərbaycan Ordusunda nümunəvi hərbi xidmətlərindən, eləcə də Vətən müharibəsi cəbhələrində hərbi əməliyyatlar zamanı göstərdikləri qəhrəmanlıq, fədakarlıq, mərdlik və igidlik nümunələrindən söhbət açıb, onların ölümlərindən sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən xidmətlərinin yüksək qiymətləndirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Qeyd edilib ki, Həmdəm Ağayev 1975-ci ildə Ağdərə rayonunun Sırxavənd kəndində (indi Ağdam rayonunun ərazi vahidinə daxil edilib) anadan olub. 1992-ci ildə kənd orta məktəbini bitirdikdən sonra müddətli həqiqi hərbi xidmət keçib və Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olub. İndiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini müvəffəqiyyətlə başa vurduqdan sonra Azərbaycan Ordusunda müxtəlif vəzifələrdə xidmət edərək briqada komandirinin müavini vəzifəsinə və polkovnik-leytenant hərbi rütbəsinədək yüksəlib.

Hansı hərbi hissədə, hansı vəzifədə xidmət etməsindən asılı olmayaraq, qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlib, komandanlığın etimadını doğruldub, tabeliyində olan şəxsi heyətin rəğbətini qazanıb. Polkovnik-leytenant Həmdəm Ağayev sağlığında 10-dan çox döyüş medalı ilə təltif olunub.

Vətən müharibəsinin ilk günündən Füzuli rayonunun yaşayış məntəqələrinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə fəal iştirak edərək yüksək peşəkarlıq və şücaət nümunələri göstərib. Ötən il oktyabrın 4-də Füzuli rayonu ərazisində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan polkovnik-leytenant Həmdəm Ağayev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Polkovnik A.Qurbani bildirib ki, Adil İbrahimli 1992-ci ildə Sumqayıtda anadan olub. Əslən Naxçıvan Muxtar Respublikasının Şərur rayonundandır. 2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini, 2016-cı ildə isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nu bitirib.

Azərbaycan Ordusunda müxtəlif vəzifələrdə xidmət edən Adil İbrahimliyə 2018-ci ildə baş leytenant hərbi rütbəsi verilib. Vətən müharibəsinin ilk günündən Kəlbəcər, Xocavənd, Şuşa uğrunda döyüşlər zamanı xüsusi əməliyyatlarda fəal iştirak edib, şəxsi rəşadət və şücaət nümunələri göstərib.

2020-ci il noyabrın 2-də Xocavənd rayonu ərazisində qəhrəmancasına şəhid olub.

Sağlığında iki döyüş medalı ilə təltif olunan gənc zabitə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulan döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunələrinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Vətən Müharibəsi Qəhrəmanı adı verilib və o, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, Adil İbrahimlinin qaynı leytenant Qəmbərli Elton Baba oğlu da Vətən müharibəsi cəbhələrində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn zabitlərimizdəndir.

Milli Məclisin sədr müavini Adil Əliyev Vətənə layiqli övladlar tərbiyə etdiklərinə görə şəhidlərin valideynlərinə bir daha minnətdarlıq edib və bildirib ki, nə qədər Azərbaycan var, qədirbilən Azərbaycan xalqı var, onların adları əbədi yaşayacaq, xatirələri əziz tutulacaq.

Adil Əliyev təcavüzkar Ermənistanın təxribatlarına cavab olaraq, Azərbaycanın ərazi bütövlüyünün bərpası və tarixi torpaqlarımızın işğaldan azad edilməsi naminə başladığı Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin xalqımızın birliyinin, həmrəyliyinin, rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin misilsiz qəhrəmanlıqlarının, Müzəffər Ali Baş Komandanımızın sərkərdəlik məharətinin, hücum diplomatiyasının və dəmir yumruğunun qələbəsi olduğunu iftixar hissi ilə vurğulayıb.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov respublikamızın hər yerində olduğu kimi, Xəzər rayonunda da şəhid ailələrinin, o cümlədən müharibə qazilərinin daim diqqətdə saxlanıldığını və bu istiqamətdə fəaliyyətin bundan sonra da davam etdiriləcəyini deyib.

Şəhidlərin ölümlərindən sonra layiq görüldükləri medallar və Müdafiə Nazirliyinin nəşri olan “Vətən müharibəsi şəhidləri” kitabının nüsxələri şəhid ailələrinə təqdim edilib.

Vətən Müharibəsi Qəhrəmanı şəhid Adil İbrahimlinin atası Asəm İbrahimov və şəhid polkovnik-leytenant Həmdəm Ağayevin Azərbaycan Ordusunda xidmət edən qardaşı polkovnik-leytenant Mübariz Ağayev şəhidlərə və onların ailələrinə göstərilən ehtirama, diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Müdafiə Nazirliyinin rəhbərliyinə və bütün ziyarətçilərə minnətdarlıqlarını bildiriblər.

Xatirə mərasimi hərbi orkestrin ifa etdiyi “Qələbə Marşı”nın sədaları ilə başa çatıb.

Tədbirdən sonra şəhid Həmdəm Ağayevin yaşadığı binanın həyətində “Şəhid Həmdəm bulağı”nın təntənəli açılışı olub.
Bu xəbər oxucular tərəfindən 318 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed