Şrift:
Latın Amerikası ölkələri iqlim dəyişkənliyi ilə mübarizə üçün beynəlxalq səviyyədə maliyyələşmə tələb edir
10.09.2021 [09:39] - Xəbərlər, Sosial
Argentina “Şimali və Cənubi Amerikada iqlim hadisələrinə dair yüksək səviyyəli dialoq” adlı iqlim üzrə Latın Amerikası sammitinə ev sahibliyi edir. Tədbir BMT-nin oktyabrın 31-dən noyabrın 12-dək Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək iqlim dəyişmələri üzrə konfransına (COP-26) hazırlıq xarakteri daşıyır.

Latın Amerikasının heç bir ölkəsi dünyanın ən çirkləndirilmiş on ölkəsinin siyahısına daxil deyil. Lakin ən böyük biomüxtəlifliyə malik olan bu region digərləri kimi iqlim dəyişmələrinin nəticələrindən əziyyət çəkir. Bu qlobal problemə müqavimət göstərməkdən ötrü Latın Amerikası ölkələri virtual formatda keçirilən sammit çərçivəsində beynəlxalq təşkilatlardan maliyyələşdirilmə və ekoloji məqsədlərə nail olunmasına görə borcların silinməsini xahiş ediblər.

Argentina Prezidenti Alberto Fernandes qeyd edib ki, sosial böhranla bağlı olmayan ekoloji böhran mövcud deyil. O, iqtisadiyyatın qapalı silsilədə qurulmasına və istixana qazları tullantılarının azaldılmasına kömək edən dayanıqlı fəaliyyət və iş yerlərinin yaradılması üçün vergi güzəştlərinə çağırıb.

Sammitdə planetar dəyişikliklərin həlli istiqamətində təxirəsalınmaz məsələlər, iqlim dəyişmələrinə qarşı mübarizə üçün işlənib hazırlanan yol xəritələri, 2022-ci ilədək 180 milyon ağacın əkilməsi, 2030-cu ilədək cari tullantıların 51 faiz azaldılması məsələləri müzakirə olunub.

Suyun səviyyəsinin qalxmasından və ekstremal iqlim hadisələrindən daha çox zərər çəkən Kosta-Rika, Barbados kimi ada dövlətlərinin təmsilçiləri təxirəsalınmaz işlər tələb edir. Bu ölkələrin liderlərinin sözlərinə görə, Mərkəzi Amerikanın kiçik ölkələri iqlim böhranına bais olmayıblar, lakin onun nəticələri iqlim dəyişmələrinin fəsadlarına məruz qalan ərazilərini dəfələrlə bərpa etməkdən ötrü həmin ölkələri borca girməyə məcbur edir.
Bu xəbər oxucular tərəfindən 362 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed