Şrift:
Sulduz olayları: Türklərə qarşı terrorun arxasında kim var?- “Rejim onlara dəstək verir”-Zaur Bayramlı
10.09.2021 [09:45] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
ABŞ-da yaşayan soydaşımız, milli fəal, sosioloq Zaur Bayramlı hesab edir ki, bölgədə vəziyyətin gərginləşməsi molla rejiminin ürəyincədir:

“Batı (Qərbi) Azərbaycan bölgəsinin ən önəmli şəhərlərindən olan Sulduz artıq neçə gündür ki, silahlı kürdlərin qəfil hücumlarına məruz qalır.

Təbii ki, bu cür 200 -300 nəfərlik mütəşəkkil hücumlar İran fars-molla rejiminin razılığı olmadan mümkün deyil. Dünən bu hücumlardan biri Sulduzun Saxsıtəpə kəndinə olub. Hücum nəticəsində bizimkilərdən bir neçə nəfər yaralanıb və soydaşlarımızın evləri yandırılıb.

Urmu, Sulduz və digər Güney Azərbaycan şəhərlərinə iddia edən kürdlərin bu istəyi fars-molla rejiminin də ürəyincədir - çünki o bölgə Türkiyə ilə Türk Dünyasını birləşdirən ən əsas quru ərazidir.

Türk Dünyasının birliyi isə fars-molla rejiminin maraqlarına zidd olduğu üçün, rejim əl altından kürdlərə dəstək verir. Necə ki, bir zaman Türkiyəyə qarşı istifadə etmək üçün PKK-nın İran qolu olan PEJAK-ı quraraq dəstək verdi”.

Zaur Bayramlı hesab edir ki, İran rejimini həyəcanlandıran və bu cür bədnam layihələrə sövq edən Azərbaycanın 44 günlük savaşda möhtəşəm qələbəsidir.

“Görünən budur ki, 44 günlük Qarabağ savaşının yaratdığı yeni situasiya və getdikcə güclənən Türkiyə-Azərbaycan işbirliyi artıqca, İran rejimi əlində qalan azsaylı kozırlardan olan kürd faktorundan daha çox istifadə etməyə çalışacaq.

Ona görə də Azərbaycan ictimaiyyətinin və özəlliklə medianın Batı Azərbaycan bölgəsi başda olmaqla, Güney Azərbaycanda baş verən hadisələri əvvəlkindən daha çox diqqət mərkəzində saxlaması lazımdır.

Eyni zamanda Türkiyə Cümhuriyyəti də bu olaylara seyrçi qalmamalıdır”-deyə, Zaur Bayramlı bildirib.
Bu xəbər oxucular tərəfindən 319 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed