Şrift:
İrandan Ermənistana yük aparan TIR-ları sürən azərbaycanlılar - oyun, yoxsa...
16.09.2021 [10:36] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Son günlərdə Cənubi Azərbaycanla bağlı xoşagəlməyən durum ortaya çıxıb. Məlum olub ki, İran azərbaycanlıları çox üzüntülü bir prosesin içində yer alırlar. İrandan Ermənistana və Qarabağa gedib-gələn yük maşınlarının, yanacaq daşıyan tankerlərin sürücülərinin əsasən azərbaycanlılar olduğu üzə çıxıb. Bununla əlaqədar hazırlanan reportajda bu açıq şəkildə görünür.

Halbuki Güneydəki soydaşlarımız neçə ildir deyirlər ki, Azərbaycanı birləşdirirlər, Bütöv Azərbaycan qururlar, Vahid Azərbaycan düzəldirlər. Paraleldə də onu bildirirlər ki, İran Ermənistana qahmar çıxır, erməniləri müdafiə edir, nəfəslik rolu oynayır və s.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bu məsələdə dərin təhlillər aparılmasının tərəfdrıdır:

“Bu gün də iddia edirəm ki, onlar bizimlə bir yerdədirlər. Bizi sadəcə mexaniki-sərhədlə bölüblər, ruhən bölünməmişik. Savaşın getdiyi 44 gün ərzində biz Güney Azərbaycandan mənəvi tərəfdən dəstək aldıq. İndi düşmənə ötürülən yardımda maşının sürücüsü Cənubi Azərbaycandan ola bilər. Amma nəzərə alaq ki, Ermənistana aparılan yardımlara mane olan da oradakı soydaşlarımız idi. Ümumiyyətlə, bazarda alan və satan varsa, günah alan və satanda deyil, günah bazar açandadır. Bu baxımdan deyə bilərik ki, günah İran rejimindədir. Dövlətin siyasətində kimisə alət edirlər. Güney Azərbaycandakı 40 milyona yaxın soydaşımız eyni düşüncədə olsaydı, orada işğal altında qalmazdıq, çoxdan müstəqil dövlət qurmuşduq. Guya Şimali Azərbaycanda hər şey qaydasındadır? Parlamentdə olmuş, üzdə olan bəzi insanlar gedib Moskvada Volodinlə birlikdə Milli Şura yaratmışdılar. Bununla Azərbaycanı işğala məruz qoymaq istəyirdilər.

Fərəc Quliyev: “Təbliğatla Güney Azərbaycanda soydaşlarımızın İran rejimi tərəfindən istifadə edilməsinin qarşısını ala bilərik”

Bu, bütövlükdə Şimali Azərbaycan əhalisinin iradəsi idi? Xeyr. Bu baxımdan fərdi şəkildə insanların günahlarını bütöv formada topluma aid etmək düzgün deyil. Milli hərəkat o qədər güclü olmalıdır ki, orada ciddi təbliğat aparılsın. Bununla Güney Azərbaycanda insanlarımızın İran rejimi tərəfindən istifadə edilməsinin qarşısını ala bilərik. Bu məsələdə bilərəkdən soydaşlarımızdan istifadə edilmə halı da mümkündür. Necə ki, indi biz bunu ürək ağrısı ilə müzakirə edirki. Bununla oradakı soydaşlarımıza inamsızlıq yaratmaq istəkləri də ola bilər. Amma istənilən halda tək-tək insanların hərəkətlərini topluma aid etmək doğru deyil”.

F.Quliyev maraqlı bir müqayisə apardı:

“Niyə biz Ermənistana yük aparan TIR-ları yandıranları deyil, sürənləri qabardırıq? Bu cür adamlar hər zaman, bundan sonra da olacaq. Neqativləri aradan qaldırmaq, milli kəsimə dəstək vermə siyasətimizi daim davam etdirməliyik. Bizim dərdlərimiz cənubdakı soydaşlarımızla eynidir. Bu, oyundan başqa bir şey deyil. Maarifləndirmə yönündə aparılan işlərin zəif olması kimi fikirlər də var. Amma bunu bütövlükdə dövlət siyasəti kimi dəyərləndirə bilmərik. Bunu ictimai təşkilatlar edə bilərlər. Bəziləri özlərini Elçibəyin varisi elan edir, amma bir dəfə olsun ki, İran adını dillərinə gətirmirlər. Rusiyaya qarşı etirazlarının şahidi olmamışıq. Güney Azərbaycanın müstəqilliyi yönündə də fikirlərinə rast gəlmirik. Bizim partiyanın Güneylə, eləcə də türk dünyası ilə bağlı departamentləri var. Borçalı, İrəvan departamentləri də var. Elçibəyin təfəkkürünü, istəklərini yaşadırıq. İstənilən halda maarifləndirmə işlərimizi sürətləndirməliyik. Bu cür insanlara başa salmalıyıq ki, belə işlərə getmək olmaz”.

Cavanşir ABBASLI/“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 593 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed