Şrift:
BSU-nun doktorantı: Vətən yolunda canından keçməyə hazır olan gənclər Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə yetişiblər
20.09.2021 [14:09] - Gündəm, Mədəniyyət
Zəfərlə başa çatan Vətən müharibəsinin başlanması tarixindən bir il ötür. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, şəhidlərimizin xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-nin ölkəmizdə Anım Günü kimi qeyd edilməsi qərara alınıb.

Bu fikirləri açıqlamasında Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin Beynəlxalq münasibətlər kafedrasının doktorantı İlyas Hüseynov bildirib. O qeyd edib ki, Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatı başlandı. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi.

Şübhəsiz ki, 27 sentyabr tarixi Azərbaycanın müasir tarixinə Zəfər yürüşünün başlandığı tarix kimi yazılıb. 2020-ci ilin 27 sentyabrından 10 noyabr tarixinə qədər keçən dövr ərzində bütün dünya Azərbaycanın möhkəm və yenilməz iradəsini gördü. Vətən müharibəsi Azərbaycanın böyük zəfəri ilə başa çatdı. Ordumuz xalqımızı 30 ilə yaxın işğal altında olan Qarabağımıza qovuşdurdu və bununla da Azərbaycan tarixi ədaləti bərpa edərək işğalçılar üzərində həm diplomatik, həm də hərbi qələbə qazandı. Qələbəmizin memarı Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev həm hərbi, həm siyasi, həm də informasiya müharibəsində əsl sərkərdə kimi prosesləri idarə etdi. Dünyanın aparıcı media orqanlarına hər gün cəbhədə baş verən proseslər və beynəlxalq hüququn bərqərar edilməsinin önəmi haqqında müsahibə verən Prezident İlham Əliyev bütün qərəzli suallara səbir, təmkin və siyasi iradə ilə məntiqi cavablar verdi. Dövlətimizin başçısının türk, rus, ingilis dillərində müsahibələri onun peşəkar siyasətçi, müasir beynəlxalq münasibətlər sistemini dərindən bilən mahir diplomat olduğunu bir daha göstərdi. Prezident İlham Əliyevin fevralın 26-da yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransını tarixi hadisə adlandırmaq olar. Azərbaycanda ilk dəfə idi ki, ölkə rəhbəri 4 saatdan artıq müddətdə canlı yayımla dünyanın 35 ölkəsini təmsil edən 50-dən çox jurnalistin suallarını fasiləsiz cavablandırmışdı. Bu, hər bir azərbaycanlı gənci sonsuz dərəcədə qürurlandırır.

Vətən savaşına gedən yolda Azərbaycanda vətənpərvərlik hisslərinin aşılanmasının müsbət nəticələr verdiyini deyən İ.Hüseynov vurğulayıb ki, ərazi bütövlüyü, suverenlik yolunda canından keçməyə hazır olan gənclər məhz Prezident İlham Əliyevin 17 il ərzində Azərbaycana rəhbərliyi dövründə yetişiblər.

O bildirib ki, Ermənistanın saxta ittihamlarına rəğmən Vətən müharibəsində dünyanın aparıcı media orqanları Azərbaycanın mövqeyini önə çıxarır və bununla da beynəlxalq hüququn fundamental norma və prinsiplərinə hörmət nümayiş etdirirdilər. Bu, 30 ilə yaxın müddət ərzində Azərbaycanın hücum diplomatiyasının nəticələri sayəsində mümkün olub.

Vətən müharibəsi zamanı Ermənistan yenə də məkrli xislətindən və terrorçu mahiyyətindən əl çəkməyərək döyüş əməliyyatları olmayan ərazilərdə dinc insanlara qarşı qadağan olunmuş silahlardan istifadə edib. Bütün bunlar faktlarla sübuta yetirilib. Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, mülki insanları hədəfə almaqla müharibə cinayətləri törədib. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və ona dair Əlavə Protokolları, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirib.

“İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunub. Ermənistanın işğalçı və təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, beynəlxalq və milli qanunvericiliyə əsasən təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi, sanksiyaların tətbiq olunması məqsədilə beynəlxalq qurumlara müraciət edilməsi, işğal dövrü ərzində dəymiş ziyanın hesablanması və Ermənistandan təzminat tələb olunması mühüm aktuallıq kəsb edir”, - deyə İ.Hüseynov fikrini yekunlaşdırıb.
Bu xəbər oxucular tərəfindən 273 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed