Şrift:
Antonio Quterreş və Boris Conson qlobal istiləşməyə qarşı mübarizənin maliyyələşdirilməsi məsələlərini dünya liderləri ilə birgə müzakirə ediblər
21.09.2021 [14:30] - Xəbərlər, Siyasət
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş və Böyük Britaniyanın Baş naziri Boris Conson BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində və 6 həftədən sonra Qlazqoda başlanacaq iqlim dəyişmələri problemlərinə həsr olunan beynəlxalq konfransdan əvvəl dünya liderləri ilə görüşüblər. Görüşdən məqsəd tullantıların hədəf göstəriciləri üzrə əsas fikir ayrılıqlarını aradan qaldırmaq, həmçinin qlobal istiləşməyə qarşı mübarizənin maliyyələşdirilməsi məsələlərini müzakirə etməkdir

BMT rəhbərinin sözlərinə görə, Qlazqo sammiti ərəfəsində bütün dünya hazırkı vəziyyətin təhlükəli olmasını, həmçinin təxirəsalınmaz tədbirlər görülməsinin zəruriliyini tam dərk etməlidir. O bildirib ki, ötən həftə BMT Paris Sazişinin icrası çərçivəsində ayrı-ayrı ölkələrin öz üzərlərinə götürdükləri vəzifələrin yerinə yetirilməsi barədə hesabat dərc edib.

BMT-nin Baş katibi deyib: “Cari göstəricilərə görə, dünya qlobal temperaturun 2,7 dərəcə artması istiqamətindədir. Eyni zamanda alimlər temperaturun hətta 1,5 dərəcədən azca yuxarı qalxmasının artıq fəlakət olacağını deyirlər. Temperaturun 1,5 dərəcə qalxmasını məhdudlaşdırmaqdan ötrü biz atmosferə atılan zərərli tullantıları 2030-cu ilə qədər 45 faiz azaltmalıyıq və bu, əsrin ortalarınadək karbon neytrallığına nail olmağa imkan verəcək. Hazırda ölkələrin öz üzərlərinə götürdüyü öhdəliklər 2010-cu ildəki 16 faiz səviyyəsi ilə müqayisədə parnik qazlarının tullantılarının 2030-cu ilədək artacağını ehtimal edir. Əgər biz hazırkı kursu birgə dəyişməsək, o halda qarşıdakı konfransın müvəffəqiyyətsizlik riski çox böyük olacaq”.

A.Quterreş bu gün qarşıdakı sammitin uğurla başa çatması, bununla da qlobal istiləşmə ilə mübarizədə dönüş yaratmaqla əlamətdar olması üçün dünya liderlərini əllərindən gələni etməyə çağırıb. Baş katib bildirib ki, beynəlxalq ictimaiyyət üç istiqamətdə hərəkət etməlidir: istiləşmənin 1,5 dərəcə səviyyəsində qalması hədəfinə bağlılığı qoruyub saxlamaq, inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişmələrinə hər il daha əvvəl vəd edildiyi kimi 100 milyard dollar vəsaiti müntəzəm ayırmaq, iqlim dəyişmələrinə uyğunlaşma üzrə tədbirlərin ümumi dövlət maliyyələşməsini azı 50 faiz artırmaq.
Bu xəbər oxucular tərəfindən 300 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed