Şrift:
Prezident İlham Əliyev BMT Baş Assambleyasının sessiyasında Ermənistanın danışıqlar prosesini necə məhv etməsindən danışdı
24.09.2021 [10:07] - Xəbərlər, Siyasət
Münaqişənin son iki ili ərzində Ermənistan qəsdən danışıqlar prosesini məhv etdi. Ermənistan hökuməti “Qarabağ Ermənistandır və nöqtə” və “bir qarış belə işğal olunmuş torpaq qaytarılmayacaq” kimi bir sıra təxribatçı bəyanat və hərəkətlərə yol verdi.

Bu barədə Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında ümumi müzakirələr çərçivəsində çıxışında danışıb.

“Ermənistanın o vaxtkı müdafiə naziri açıq şəkildə Azərbaycanı yeni təcavüz və yeni işğal ilə hədələdi. Ermənistan qəbuledilməz və əsassız “yeddi şərt” irəli sürərək, danışıqlar formatının dəyişdirilməsi, danışıqlara sıfırdan başlanılması və Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə yaradılmış qondarma rejimin danışıqlar prosesinə cəlb edilməsini tələb etdi. Danışıqların formatının və mahiyyətinin dəyişdirilməsi cəhdi Ermənistanın məsuliyyətsiz və təhlükəli hərəkətləri səbəbindən fəaliyyəti iflic olmuş ATƏT-in Minsk qrupunun həmsədrləri üçün xoşagəlməz sürpriz oldu”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan Prezidenti Ermənistanın beynəlxalq hüququn kobud şəkildə pozmasından danışaraq işğal olunmuş ərazilərdə açıq şəkildə qanunsuz məskunlaşdırma siyasəti həyata keçirməsini, 2020-ci ilin iyulunda dövlət sərhədi boyu hərbi təxribat törətməsini, bundan bir ay sonra terror aktları həyata keçirmək məqsədilə diversiya qrupu göndərməsini diqqətə çatdırıb.

Ötən il sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsindəki çıxışında Ermənistan rəhbərliyinin düşmən, Azərbaycanofob bəyanatları və təxribatları Ermənistanın Azərbaycana qarşı yeni hərbi təcavüzə hazırlaşdığını nümayiş etdirdiyi barədə xəbərdarlığını xatırladan Prezident İlham Əliyev deyib: “Bundan üç gün sonra - sentyabrın 27-də Ermənistan Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə qarşı irimiqyaslı hücuma başladı. Buna cavab olaraq, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başladı”.
Bu xəbər oxucular tərəfindən 289 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed