Şrift:
Biləsuvarda pambıq tarlalarından məhsul yığılır
28.09.2021 [11:32] - Gündəm, İqtisadiyyat
Biləsuvarda bir neçə gündür ki, pambıq yığımına başlanılıb. Bu il də rayon zəhmətkeşləri 9 min hektara yaxın “ağ qızıl” tarlalarında bol-bərəkətli məhsul yetişdiriblər.

Rayonda kütləvi məhsul yığımına başlanılıb. Pambıq əkinləri rayonda fəaliyyət göstərən üç tədarükçü şirkətlə 1112 mülkiyyətçi arasında bağlanmış müqavilə əsasında becərilib. Təsərrüfat sahibləri bitkinin vegetasiya müddətini, xəstəliyə davamlılığını, eləcə də yüksək məhsuldarlığını nəzərə alaraq, səpin zamanı əsasən mütərəqqi üsullarla istehsal edilən “Progen-flaş” kimi toxum materiallarından istifadə ediblər. Yığım başlanandan sahələrdən əl əməyi ilə tədarük olunan 350 tona yaxın məhsul emal müəssisələrinə təhvil verilib. Hazırda məhsulun itkisiz toplanması üçün yığım işlərinə 32 kombayn cəlb olunub.

Fermer Əliyar Rzayev deyir ki, vaxtında lazımi tədbirlər gördüyünə, aqro-texniki qaydalara uyğun becərdiyinə görə tarlada bol məhsul yetişib. “Məhsul bol olan sahələrdə kombaynla yığmaq sərfəlidir. 1 kiloqram pambığın yığılması fermerə təxminən 4 qəpiyə başa gəlir. Amma əl əməyində bu, 18-20 qəpiyə çatır. Ona görə də kombayn 4-5 dəfə əl əməyindən ucuzdur”, - deyə o bildirib.

Üç hektar sahədə çiyid əkən fermer Mahir Astanov da məhsuldarlıqdan razıdır: “40 sentnerdən yuxarı məhsul gözləyirəm. Pambığı kombaynlarla yığıram. Torpağı da növbəti ilə hazırlayırıq ki, daha çox əkim, daha çox məhsul götürüm”.

Fermerlər bir müddət su qıtlığı ilə üzləşsələr də, mövsüm zamanı bitkinin əsas vegetasiya dövründə aidiyyəti qurumlar bütün qüvvələrini bu işə səfərbər edərək, problemi aradan qaldırdılar.

Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisi Mikayıl İmanov deyib: “Rayonda 8440 hektar sahədə pambıq əkilib. Pambıq sahələri aqrotexniki qaydada becərilib. Vegetasiya suyu bir çox sahələrdə vaxtında verilib və bol məhsuldarlıq əldə olunub. Hazırda pambıq yığımı gedir, ümid edirik ki, nəticələr keçən ilkindən də yaxşı olacaq”.

Qeyd edək ki, bu il pambıqçı şirkətlər arasında əldə olunan razılaşmaya əsasən, pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla, 2021-ci ilin məhsulu üçün 1-ci növün qiyməti 650 manatdan 700 manata qaldırılıb. Bundan başqa, Aqrar Subsidiya Şurasının qərarına əsasən, pambıq bitkisi üzrə 2022-ci ildə məbləğ artırılmaqla, yalnız məhsul subsidiyası veriləcək. Fermerlər təhvil verdikləri pambığın hər tonuna görə 100 manat deyil, 170 manat məhsul subsidiyası alacaqlar.
Bu xəbər oxucular tərəfindən 776 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed