Şrift:
Astarada Avropa çempionu və Dünya çempionatının gümüş mükafatçısı Musa Ağayevlə görüş keçirilib
29.09.2021 [10:02] - Gündəm, İdman
Sentyabrın 28-də Astara Rayon Gənclər və İdman İdarəsində sentyabr ayında yüksək idman nailiyyətlərinə imza atmış astaralı idmançı Musa Ağayevlə görüş keçirilib.

Gənc astaralı güləşçi Musa Ağayev sentyabrın 10-12-də Yunanıstanın Katerina şəhərində keçirilən Avropa çempionatında qızıl, sentyabrın 23-26-da Rumıniyanın Konstantina şəhərində keçirilən çimərlik güləşi üzrə yeniyetmələrin Dünya çempionatında isə 60 kiloqram çəki dərəcəsində gümüş medal qazanıb.

Musa Ağayev 2019-cu ildə 15 yaşadək yeniyetmələrin sərbəst güləş üzrə Avropa birinciliyində bürünc medala sahib olub.

Görüşdə çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Rufan Şirinov Musa Ağayevi və onun məşqçilərini təbrik edərək, onlara yeni-yeni qələbə sevincləri arzulayıb.

Qeyd edək ki, gənc güləşçi Musa Ağayev Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub. O, bu il Ərçivan qəsəbə 3 nömrəli tam orta məktəbi bitirərək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub. 2019-cu ildən “Azərbaycan Respublikasının idman ustası” dərəcəsinə layiq görülüb. Atası Məhərrəm Loğman oğlu Ağayev sərbəst güləş üzrə Əməkdar məşqçi, eləcə də Musa Ağayevin məşqçisidir.

Musa Ağayevin şəxsi məşqçisi isə tanınmış astaralı idmançı, Azərbaycan idmanın məşhur simalarından biri olan, hazırda məşqçi fəaliyyətini davam etdirən XXXI Yay Olimpiadasının bürünc mükafatçısı, Dünya çempionatının ikiqat gümüş, üçqat bürünc mükafatçısı, gənclər arasında Dünya çempionu, Avropa çempionatını üçqat qızıl, üçqat gümüş, dördqat bürünc mükafatçısı Cəbrayıl Həsənovdur.
Bu xəbər oxucular tərəfindən 691 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed