Şrift:
Belarusda Vətən müharibəsi şəhidləri anılıb
29.09.2021 [10:11] - Xəbərlər, Siyasət
Belarusda 27 sentyabr - Anım Günündə Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin yad edilməsi üçün silsilə tədbirlər keçirilib.

Azərbaycanın Belarusdakı səfirliyindən bildiriblər ki, səfirlikdə keçirilən tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İbrahim Quliyev və İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov, Azərbaycan diasporunun nümayəndələri və səfirliyin əməkdaşları iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Səfir Ülvi Baxşəliyev tədbir iştirakçılarına Ermənistanın törətdikləri təxribatlar, Tovuz hadisələri, Gəncə, Bərdə və başqa şəhərlərimizin raket atəşinə tutulması və Vətən müharibəsi barədə ətraflı məlumat verib. Belarusda yaşayan azərbaycanlıların 44 günlük müharibə dövründə göstərdikləri həssaslığa görə təşəkkürünü bildirib.

Səfir Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə Müzəffər Ordumuzun şücaəti və rəşadəti sayəsində torpaqlarımızın Ermənistanın işğalından azad edilməsinin xalqımızın tarixi zəfəri olduğunu söyləyib. Otuz ilə yaxın müddətdə icra olunmayan BMT-nin 4 qətnaməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz tərəfindən cəmi 44 günə icra olunduğunu vurğulayıb.

Ü.Baxşəliyev işğaldan azad olunmuş ərazilərimizdə surətli bərpa işlərinin aparıldığını, Füzuli hava limanının tikildiyini, Zəfər yolunun çəkildiyini, Şuşa şəhərində mədəniyyət obyektlərimizin bərpa olunduğunu söyləyib.

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov Vətən müharibəsi zamanı Azərbaycanda gedən proseslərdən və xalqın bir yumruq kimi birləşməsindən danışıb.

Belarusda yaşayan Azərbaycan diasporunun 44 günlük müharibə dövründə olduğu kimi dövlətimizin ətrafında sıx toplaşmasının vacibliyini vurğulayıb. Səfirliyin hərbi attaşesi Elşən Rəhimov Azərbaycan Ordusunun xalqımızın təhlükəsizliyin təmin olunması və ərazi bütövlüyümüzün qorunması üçün kifayət qədər gücünün olduğunu vurğulayıb.

Tədbirin sonunda Vətən müharibəsi dövründəki hadisələri əks etdirən qısa videoçarx nümayiş etdirilib.

Səfirliyin, Azərbaycan İcmalar Konqresinin və Qobustan diaspor cəmiyyətinin təşkilatçılığı ilə Vətən müharibəsində həlak olmuş şəhidlərimizin xatirəsinin yad edilməsi üçün növbəti tədbir Belarusdakı Azərbaycan evində keçirilib.

Tədbirdə şəhidlərimizin əziz xatirəsinə din xadimləri tərəfindən dualar edilib və ehsan verilib.

Keçirilmiş tədbirlərdən əlavə olaraq, səfirliyin önündə Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad olunması üçün xatirə guşəsi yaradılıb, “Xarıbülbül” nişanları və 44 günlük müharibə barədə məlumat verən bukletlər paylanılıb.
Bu xəbər oxucular tərəfindən 166 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed