Şrift:
Yaponiyanın Azərbaycandakı səfiri Ağcabədi rayonuna səfər edib
29.09.2021 [10:12] - Xəbərlər, Mədəniyyət
Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada sentyabrın 28-də Ağcabədi rayonuna səfər edib.

Rayon icra hakimiyyətində keçirilən görüşdə səfirə Ağcabədi rayonunun tarixi, iqtisadiyyatı, mədəniyyəti barədə səfirə ətraflı məlumat verilib. Bildirilib ki, rayonda pambıqçılıq, taxılçılıq, baramaçılıq və heyvandarlıq yüksək səviyyədə inkişaf edib.

Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov deyib ki, Yaponiya da müharibədən əziyyət çəkmiş ölkədir. Ermənilər tərəfindən dağıdılmış, yerlə-yeksan edilmiş şəhərlərimizi görənlər bu yerləri Xirosimaya bənzədirlər. Lakin artıq ədalət qalib gəlib. Ötən il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun Zəfər qazanması ilə başa çatıb. Bu gün azad olmuş torpaqlarımızda böyük quruculuq işləri gedir. İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində ciddi ziyan dəyən bölgələrimizdən biri də Ağcabədi rayonu olub. Hazırda rayon ərazisində müharibə dövründə zərər görmüş evlər bərpa olunur, tamamilə dağılmış evlər isə yenidən tikilir.

Yaponiya hökumətinin qrant yardımı proqramı çərçivəsində Ağcabədi rayonunda reallaşdırılan layihələr barədə də məlumat verən icra hakimiyyətinin başçısı belə humanitar tədbirlərin bundan sonra da davamlı xarakter daşıyacağına əminliyini ifadə edib, əməkdaşlıqla bağlı bir sıra təkliflər səsləndirib.

Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Ağcabədi rayonuna səfəri çərçivəsində səfir Cuniçi Vada "Ot kökləri və İnsan Təhlükəsizliyi" üzrə Qrant Yardımı Proqramı çərçivəsində Şərəfxanlı kəndində inşa edilmiş uşaq bağçasına baş çəkərək oradakı şəraitlə tanış olub. Bağçadakı uşaqların gözəl və əyləncəli vaxt keçirməsindən məmnunluq duyduğunu bildirən səfir bu istiqamətdə xidmətləri bundan sonra da davam etdiriləcəyini bildirib.
Bu xəbər oxucular tərəfindən 514 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed