Şrift:
Azərbaycanın İtaliyadakı səfirinin Anım Günü ilə əlaqədar yerli mətbuatda müsahibəsi dərc edilib
29.09.2021 [10:40] - Xəbərlər, Siyasət
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə 27 sentyabr - Anım Günü ilə əlaqədar bu ölkənin “Agenzia Nova” xəbər agentliyinə müsahibə verib.

Müsahibədə diplomat Anım Gününün əhəmiyyəti, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzünün ağır nəticələri, Vətən müharibəsi və torpaqlarımızın işğaldan azad edilməsi, həmin ərazilərdə həyata keçirilən yenidənqurma işləri və bölgədə davamlı sülhün bərqərar olması üçün ölkəmizin gördüyü tədbirlərdən danışıb.

İlk öncə səfir Azərbaycanda Dağlıq Qarabağ adlanan inzibati ərazi vahidinin olmadığını, Azərbaycan Respublikası Prezidentinin 7 iyul tarixli Sərəncamı ilə Qarabağ və Şərqi Zəngəzur adlı iki iqtisadi zonanın yaradıldığını xatırladaraq beynəlxalq ictimaiyyətin hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adlardan istifadə edərək ərazilərimizə istinad etməməsinin vacibliyini vurğulayıb.

Diplomat bildirib ki, erməni silahlı qüvvələrinin növbəti hücumuna cavab olaraq Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edildiyi kimi özünü müdafiə hüququndan istifadə edərək 30 ilə yaxın müddət ərzində Ermənistanın hərbi işğalı altında olan ərazilərini azad etməsinə və tarixi ədaləti bərpa etməsinə gətirib çıxarmış 44 günlük Vətən müharibəsinin başlanmasından bir il ötür. Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən və heç vaxt icra edilməyən BMT TŞ-nın 1993-cü ildə qəbul edilmiş 4 qətnaməsini xatırladan səfir Azərbaycanın sözügedən qətnamələrin icrasını özünün təmin etdiyini və ərazi bütövlüyünü bərpa etdiyini deyib.

Müsahibəsində Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş Anım Gününün əhəmiyyətindən bəhs edən diplomat qeyd edib ki, bu gün bizim düşüncələrimiz həm Ermənistanın hərbi təcavüzünün qurbanları, həm də ərazilərimizin işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin yanındadır. Bu xüsusda, Birinci Qarabağ müharibəsinin qurbanlarını xatırladan səfir Xocalı soyqırımı qurbanları da daxil olmaqla on minlərlə azərbaycanlının qətlə yetirildiyini, 4 min azərbaycanlının itkin düşdüyünü, onların demək olar ki, hamısının işgəncələrə məruz qalaraq qətlə yetirildiyini və beynəlxalq humanitar hüquqa zidd olaraq Ermənistan ordusu tərəfindən kütləvi məzarlarda basdırıldığını, erməni hərbi cinayətkarları tərəfindən qətlə yetirilmiş 12 mülki şəxsin qalıqlarının 2021-ci ilin aprel ayında işğaldan azad olunmuş Kəlbəcər rayonunun Başlıbel kəndində kütləvi məzarda tapıldığını, habelə bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü qeyd edib. Vətən müharibəsi zamanı Ermənistan tərəfindən törədilmiş müharibə cinayətləri barədə də danışan diplomat döyüş bölgəsindən uzaqda yerləşən və Azərbaycanın böyük yaşayış mərkəzləri olan dəfələrlə hücumlara məruz qalmış Gəncə, Naftalan, Tərtər və Bərdə şəhərlərində erməni vəhşiliyinin qurbanı olmuş mülki azərbaycanlılardan, dağıdılmış yaşayış obyektlərindən bəhs edib, habelə Ermənistanın bu hərbi cinayətlərinə baxmayaraq, Azərbaycanın heç vaxt dinc əhalini hədəfə almadığını bildirib.

M.Əhmədzadə müsahibəsində sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinə toxunub, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsi səbəbindən uzun illər bu məsələnin açıq qaldığını, Vətən müharibəsindən sonra iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyasını həyata keçirməyə və suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanaraq sülh müqaviləsi üzrə danışıqlara başlamağa hazır olduğumuzu elan etdiyimizi, lakin buna Ermənistan tərəfindən hər hansı müsbət reaksiyanın olmadığını deyib.

Otuz il ərzində işğal olunmuş ərazilərimizdə Ermənistanın törətdiyi misli görünməmiş dağıntılardan, qəsdən bütün şəhər və kəndləri yerlə bir etməsindən, bütün mədəni və dini abidələrimizi viran qoyaraq, talamasından, onları urbisid və kultursid nümunələrinə çevirməsindən danışan diplomat bu cinayətlərin Ermənistan tərəfindən azərbaycanlıların tarixi torpaqlarında əsrlər boyu formalaşmış irsini silmək məqsədilə törədildiyini bildirib. Səfir, habelə həmin ərazilərin işğal vaxtı Ermənistan tərəfindən ekoloji fəlakət zonasına salınmasından, geniş miqyasda minalanmasından və mülki vətəndaşlarımızın hələ də həmin minaların qurbanına çevrilməsindən bəhs edib. Ermənistanın dəqiq mina xəritələrini Azərbaycana verməkdən imtina etdiyini deyən diplomat Ermənistanın işğaldan azad olunmuş üç rayonumuz üzrə təqdim etməyə məcbur olduğu mina xəritələrinin dəqiqliyinin 25 faiz olduğunu və beynəlxalq ictimaiyyətin Ermənistanı, azad olunmuş ərazilərimiz üzrə dəqiq mina xəritələrini təqdim etməyə məcbur etməsinin vacibliyini bildirib.

Müsahibəsində işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirdiyimiz geniş yenidənqurma işlərindən bəhs edən diplomat sözügedən bərpa işlərinin, habelə nəqliyyat-kommunikasiya xətlərinin bərpa edilməsinin, o cümlədən Zəngəzur dəhlizinin bölgədə sülh və inkişafın təmin edilməsi nöqteyi-nəzərindən əhəmiyyətindən danışıb. Müsahibəsində Prezident İlham Əliyevin BMT BA-nın 76-cı sessiyasının illik ümumi müzakirələrində səsləndirdiyi fikirlərə istinad edən diplomat bildirib: “Prezident İlham Əliyevin bildirdiyi kimi Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır. Ümid edirik ki, çoxdan gözlənilən sülh, təhlükəsizlik və sabitlik, nəhayət, Cənubi Qafqazda bərqərar olunacaq. Azərbaycan regional sülhə və inkişafa töhfə verən, onun gücləndirilməsinə xidmət edən ardıcıl səylərini davam edəcəkdir”.

Səfir işğaldan azad edilmiş ərazilərimizin geniş iqtisadi potensialından da bəhs edib, bərpa və yenidənqurma işlərinə cəlb olunan ölkələr arasında Azərbaycanın strateji tərəfdaşı olan İtaliyanın da olduğunu, italyan şirkətlərinin həmin ərazilərdə enerji, kənd təsərrüfatı, bərpa sahələrində çalışdığını, habelə italyan biznesinin həmin ərazilərdə həyata keçirilən yenidənqurma işlərinə cəlb olunması istiqamətində iki ölkənin müvafiq dövlət qurumları tərəfindən görülən tədbirlər barədə məlumat verib.
Bu xəbər oxucular tərəfindən 202 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed