Şrift:
Qələbəyə aparan 44 günün ilki: “Bu əsərin baş memarı Ali Baş Komandandır” - Partiya sədri
29.09.2021 [11:45] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
27 sentyabr Azərbaycanda Anım Günü olaraq qeyd olunur.

Ötən ilin bu gün Azərbaycan Ermənistanın təxribatlarına cavab olaraq bütün cəbhə boyu əks hücum əməliyyatlarına başladı və 44 gün davam edən Vətən savaşında tarixi zəfərə imza ataraq ərazi bütövlüyünü bərpa etdi, dövlət sərhədlərini tam olaraq öz nəzarətinə keçirdi.

Vətən savaşında qələbəni şərtləndirən bir çox hərbi, siyasi, iqtisadi və digər səbəblər olsa da, ən vacib amil bu dönəmdə Azərbaycan xalqının yumruq kimi bilrəşməsi və eyni hədəfə vurması oldu. Ölkədə hər kəs, siyasi mövqeyindən asılı olmayaraq iqtidarlı-müxalifətli hər kəs Azərbaycan ordusunun yanında oldu və bu birlik böyük qələbənin əsasını qoydu.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında deyib ki, bu, çox möhtəşəm bir hadisədir:

“Azərbaycan torpaqlarının işğaldan azad edilməsi naminə canlarını qurban vermiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə can sağlığı, xalqımıza uğurlar arzu edirəm. Bu, xalqımızın yaratdığı əsərdir. Əlbəttə, bu əsərin də baş memarı Ali Baş Komandandır. Bir əsər üzərində minlərlə insan çalışır, amma onun bir memarı olur. Bu əsərin də təşkil edəni, memarı Ali Baş Komandır.

Hesab edirəm ki, bu il Azərbaycan xalqının dünyada döyüşkən xalq kimi tanınması üçün önəmli oldu. Xalqımız bunu öz hərəkətləri ilə təsdiq etdi. Amma bu hadisə 44 günün məhsulu deyildi. Azərbaycan Birinci Qarabağ müharibəsindən sonra ciddi şəkildə müharibəyə hazırlaşırdı. Ölkədə sosial baxımdan tədbirlər görülürdü, vətənpərvərliklə bağlı ciddi işlər aparıldı. Xarici siyasətdə ciddi addımlar atıldı”.

Partiya sədri hesab edir ki, bunların içərisində ən mühimi isə milli birliyə nail olmaq idi:

“Ölkə Prezidentinin təsis etdi Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin çox uğurlu fəaliyyəti nəticəsində 48 partiyanın bir araya gəlməsi, Tovuz hadisələri başlayanda ilkin davranışlar, müharibə dönəmində hər kəsin əsgər kimi davranması milli birliyin nümayişi idi.İndi də bu birlik davam edir. Sadaladığımız və demədiyimiz bir çox amillər müharibənin qələbə ilə başa çatmasına səbəb oldu. Münaqişə bitib, amma postmüharibə dövrünün çətinlikləri var.

Bu gün Prezidentin bu istiqamətdə apardığı siyasət çox təmkinli, qətiyyətlidir. Bu prosesə dəstək vermək üçün ciddi şəkildə milli birliyə ehtiyac var. Çünki bizim qarşıda duran çox ciddi hədəflərimiz var. Şəhidlərimizin qanı hesabına baş gələn qalibiyyəti qorumaq və inkişaf etdirmək üçün mütləq bu milli birliyə nail olmaq lazımdır. Bizə hücumlar olacaq və çalışacaqlar ki, həm qələbəni gözdən salsınlar, həm də milli birliyi pozsunlar. Amma Azərbaycan xalqı yenə öz bildiyi kimi dik dayanmağı bacarmalıdır. Bunun başqa yolu yoxdur. Bu bütün amillərin içərisində ən vacib olanıdır”.

Vilayət Muxtar/Cebhe.info
Bu xəbər oxucular tərəfindən 373 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed