Şrift:
İrandakı soydaşlarımızı fəallaşdırmaq üçün nə etməli
30.09.2021 [00:28] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
İranın Xarici İşlər Nazirliyinin təmsilçisi Səid Xətibzadə Azərbaycanla bağlı sərt cavab verib. Nazirliyin təmsilçisi Azərbaycan Prezidentinin İrana dair bəyanatının onlar üçün gözlənilməz olduğunu deyib. Səid Xətibzadə həmçinin İranın şimal-qərb sərhədlərində keçirilən hərbi təlimlər məsələsini də şərh edərkən bildirib ki, “Təlimlər bütün regionda sabitliyin və sülhün möhkəmləndirilməsi məqsədilə keçirilib”.

“Əlbəttə, aydındır ki, İİR öz sərhədlərinin yaxınlığında sionist rejiminin təzahürünə dözməyəcək və öz milli təhlükəsizliyinin təminatı üçün bütün lazımi addımları atacaq”, - deyə, Səid Xətibzadə bildirib.

Qeyd edək ki, bu günlərdə “Anadolu” agentliyinə müsahibə verən Prezident İlham Əliyev İranın yük maşınlarının Dağlıq Qarabağa yük daşımalarını tənqid edib və bildirib ki, bu, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir.

Bundan başqa, cənab Əliyev İranın Azərbaycan sərhədlərində hərbi təlim keçirməsini də tənqid edib, deyib ki, Azərbaycan torpaqlarını erməni işğalı altında olduğu 30 ildə heç vaxt bu cür təlimlər keçirilməyib.

Beləliklə, göründüyü kimi, Azərbaycan Prezidenti öz xalqı adından dostca və etik qaydalar çərçivəsində olduqca haqlı bir məqamı ifadə edir. Bunun qarşılığında İran XİN kobud və tərbiyəsizcə təhdid irəli sürür, "sionist rejim" iddiaları səsləndirir. Bu azmış kimi ardınca iranlı deputatlardan təhdid xarakterli bəyanatlar verilir.
Qeyd edək ki, İranın son davranışları ilə bağlı güneyli soydaşlarımız da öz etirazlarını bildirməkdədirlər.

Güney Azərbaycan təşkilatları Azərbaycanla sərhəddə hərbi təlimlərə başlamış İran rəhbərliyinin fitnəkar siyasətini pisləyib:

"İran-fars rejiminin Azərbaycan cümhuriyyətinin sınırlarına ordu yığmasını və bəzi yetkililərin Azərbaycana qarşı uyğunsuz çıxışlarını şiddətlə qınayırıq.
Biz Güney Azərbaycan Milli Hərəkatına daxil olan təşkilatları olaraq hər zaman və hər yerdə Azərbaycan dövlətçiliyinin yanındayıq və onu hər cür təhlükələrdən qorumağa hazırıq".

Güney Azərbaycanda yaşayan soydaşlarımız isə sosial şəbəkələrdə öz etirazlarını bildirirlər. Bəs Güneydəki soydaşlarımızı daha da fəallaşdırmaq üçün nə etməli?

MDHP sədri Fərəc Quliyev mövzu ilə bağlı qeyd edib:

“Güneyin və ya Quzeyin problemi deyilən bir şey yoxdur, problem bütün Azərbaycanındır. Bir milləti bölmək üçün gərək onu ruhən böləsən. Ola bilər ki, mexaniki üsullarla, sərhədlərlə bütövlüyü bölüblər, lakin ruhən bizi bölə bilməyiblər. Zaman-zaman Güney və Quzey bir-birinə dəstək olublar və bu proses bu gün davam edir və daha ciddi şəkildə davam etməlidir.

Bu gün İranın Azərbaycan Respublikasına basqısı bütövlükdə millətimizə olan basqıdır və Azərbaycan türkünün dövlət qurması, qüdrətlənməsini həzm edə bilmirlər. Əslində Türkmənçay müqaviləsinin çoxdan qüvvədən düşməsini tanımaq lazımdır. Çünki ölkəmizi bölən iki imperiyadan biri olan rus çar imperiyası yoxdur və onun işğalında olan ərazilərimizlərdə Azərbaycan respublikası qurulub. Daha bu məsələlərin üzərinə getmək lazımdır.

Hesab edirəm ki, İranla öz dilində danışmadıqca, adekvat davranmadıqca hədlərini aşırlar və çox ciddi şəkildə siyasi tərbiyəsizliyə əl atırlar. Azərbaycan tərəfi öz ərazisində beynəlxalq hüquqlara uyğun hərəkətlər edir. Əgər Azərbaycan öz torpaqlarında, işğaldan azad edilmiş ərazilərində iş görürsə, sərhədlərində ordusunu yerləşdirirsə, sərhədlərinin müəyyənləşməsi istiqamətində addımlar atırsa İran bunu özünün “qırmızı xətti” adlandırır və Ermənistana qarşı hər hansı bir hərəkətliliyi qıcıqla cavab verirsə, ölkə Prezidenti haqlı olaraq məsələ qaldırır və “30 ildir niyə bu məsələlər haqqında danışmır, “qırmızı xəttinizi” bildirmir, təlimlər keçirmirdiniz”, - deyə, iradını bildirir.

Bizim haqlı davranışımıza qarşı İranın bu cür mövqe sərgiləməsi onu göstərir ki, İran tərəfi faktiki olaraq birmənalı şəkildə Ermənistanı dəstəkləyir, Azərbaycan qarşı əlindən gələni hər cür pisliyi etməkdə maraqlıdır, onların deputatları və yaxud digər danışanları özbaşına danışmır, onları danışdıran da İran dövlətinin rəhbərləri, siyasətidir.

Düşünürəm ki, nəinki Quzey Azərbaycanda həm də Güneydə soydaşlarımız Azərbaycana, onun Prezidentinə sahib çıxmalıdır və İranın qarşısında durmalıdırlar. Müharibənin gedişində İran ərazisindən Ermənistana silah-sursat daşınmasına soydaşlarımızın çox böyük etirazları oldu, silah daşıyan maşınları yandırdılar və sairə.

Beləliklə, bu milli davadır. Güney Azərbaycan da ayağa qalxmalıdır. Əlbəttə ki, bununla bağlı dövlət tərəfindən çağırışlar etmək mümkün deyil. Lakin bütün siyasi partiyalar, təşkilatlar, güneyli soydaşlarımız bu məsələni birmənalı şəkildə müzakirəyə çıxartmalıdır. İrana xatırlanmalıdır ki, sənin qüdrətlənməni təmin edən, güvəndiyin Azərbaycan türkləridir, güvəndiyin ordunun 75-faizi azərbaycanlılardır. İranı içəridən tərpətməsək, adekvat addımlar atmayacaq”.

Xalidə Gəray/“Yeni Müsavat"
Bu xəbər oxucular tərəfindən 547 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed