Şrift:
Vyanada Milli Musiqi Gününə həsr olunmuş konsert təşkil edilib
30.09.2021 [10:13] - Gündəm, Mədəniyyət
Dahi bəstəkar, Azərbaycan klassik musiqisinin banisi, musiqişünas alim və görkəmli ictimai xadim Üzeyir Hacıbəylinin anadan ildönümü və Milli Musiqi Günü münasibətilə Vyanada Azərbaycan klassik musiqi axşamı keçirilib.

Tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova qonaqlara hər il Azərbaycanda geniş qeyd olunan Milli Musiqi Günü və bu günün birbaşa əlaqədar olduğu ölməz Azərbaycan bəstəkarı, musiqişünas alim, dramaturq, maarifçi və ictimai xadim Üzeyir Hacıbəyli barəsində məlumat verib. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin 1995-ci ildə imzaladığı Sərəncama əsasən məhz dahi bəstəkarın doğum günü Azərbaycanda Milli Musiqi Günü kimi bayram edilir. Sevindirici haldır ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra bu il dahi Üzeyirin vətənində, Azərbaycan musiqisinin beşiyi Şuşada yenidən Azərbaycan musiqisi səslənir, festivallar keçirilir, insanlar öz doğma torpaqlarına geri dönürlər. Azərbaycan xalqı Vətən torpaqlarının azadlığı, ərazi bütövlüyünün bərpası uğrunda canından keçən bütün övladlarının əziz xatirəsini minnətdarlıqla yad edir.

Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli çıxışında bildirib ki, Azərbaycan xalqı bu il Milli Musiqi Gününü ilk dəfə tamamilə yeni şəraitdə bayram edib. Ötən il Azərbaycan tarixində silinməz izlər buraxan hadisələr baş verib və ölkənin suverenliyi və ərazi bütövlüyü bərpa olunub. Azərbaycanlılar üçün musiqi sevinc, qəm və kədərin ən dolğun mədəni və emosional ifadəsidir. Milli Musiqi Gününə həsr olunmuş klassik konsert Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda edən vətən övladlarının xatirəsinə ehtiramın təcəssümüdür.

Xarici işlər nazirinin müavini Fariz Rzayev klassik musiqi paytaxtı sayılan Vyana şəhərində Azərbaycan Milli Musiqi Gününün qeyd edilməsindən məmnunluq ifadə edib və Azərbaycan musiqiçilərinin dünya musiqi irsinin zənginləşməsinə verdikləri töhfələrin qürur doğurduğunu bildirib.

Milli Məclisin üzvü Tahir Mirkişili Azərbaycan xalqının həyatında milli və klassik musiqinin oynadığı mühüm rola toxunub, milli musiqi mədəniyyətinin xalqın inkişafı ilə həmahəng şəkildə irəlilədiyini, bütün çətinlik, məhrumiyyətlərə baxmayaraq ciddi inkişaf yolu keçdiyini diqqətə çatdırıb. O, Azərbaycanın işğaldan azad olan Qarabağ torpağının gələcəkdə musiqi və mədəniyyət beşiyinə çevriləcəyini, mühüm iqtisadi zona kimi inkişaf edəcəyini vurğulayıb.

Konsertdə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət musiqi proqramı təqdim edilib. Avstriyada yaşayan və təhsil alan gənc Azərbaycan musiqiçiləri və onların həmkarları Jalə Rəsulova (fortepiano), Karen Danqer-Manafzadə (sopran), Abuzər Manafzadə (fortepiano), Fərid Feyzullayev (violin) Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Səid Rüstəmov, Xəyyam Mirzəzadə, Müslüm Maqomayev, Asəf Zeynallı və digər bəstəkarların əsərlərini təqdim ediblər. Fərid Feyzullayev (violin) və Filip Henrinin (gitara) təqdimatında “Sarı gəlin“ xalq mahnısı tamaşaçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb.
Bu xəbər oxucular tərəfindən 403 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed