Şrift:
Rəşad Mahmudov: Zəfərimiz ölkəmizin siyasi nüfuzunun, iqtisadi-hərbi qüdrətinin təsdiqinə çevrilib
30.09.2021 [10:14] - Xəbərlər, Siyasət
Prezident İlham Əliyevin Türkiyənin Anadolu Agentliyinə müsahibəsi bir neçə cəhətdən xüsusi diqqət çəkir. Bu, ilk növbədə, Vətən müharibəsinin başlanmasına gətirib çıxaran vəziyyətin təhlili baxımından mühüm önəm daşıyır. Dövlətimizin başçısı müsahibədə bununla bağlı səbəbləri ətraflı şəkildə nəzərə çapdırır, işğalçının belə bir təxribata sürüklənməsində haqlı olaraq onu işğalçı siyasətindən əl çəkməməsi ilə əlaqələndirir.

Bunu açıqlamasında Milli Məclisin deputatı, YAP-ın İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

Deputat qeyd edib ki, dövlətimizin başçısı sözügedən müsahibədə vurğuladığı kimi, Ermənistan torpaqlarımızı 30 il ərzində tapdaq altında saxlamaqla bərabər, həm də yaşayış sahələrini tamamilə dağıdıb, bir bina, bir infrastruktur belə salamat saxlamayıb, yerüstü və yeraltı sərvətlərimizi talan edib. Bununla kifayətlənməyən qəsbkar dinc dayanmayıb– Azərbaycana qarşı yeni ərazilər iddiasından əl çəkməyib. İkinci Qarabağ savaşı ərəfəsində isə tezliklə müharibəyə başlayacağını da gizlətməyib. Dövlətimizin başçısı müsahibədə bununla bağlı deyib: “Son müddət ərzində Ermənistanın Azərbaycana qarşı təxribatları müntəzəm xarakter almışdı. Azərbaycana qarşı yönəlmiş açıqlamalar, eyni zamanda, addımlar onu göstərirdi ki, Ermənistan yeni müharibəyə hazırlaşır. Çünki iyul ayında Ermənistan Azərbaycan-Ermənistan sərhədində hərbi təxribat törətmişdir və bu təxribat nəticəsində 13 mülki şəxs və hərbçi həlak olmuşdur. Azərbaycan o zaman düşmənə layiqli cavab verdi, ancaq dövlət sərhədini keçmədi. Ondan sonra avqust ayında bir təxribat qrupu göndərildi, təmas xəttini keçdilər və orada bizim hərbçilərimiz onları tərk-silah etdilər”.

Ölkə rəhbərinin bu sözlərindən də göründüyü kimi, Vətən müharibəsinin başlanmasını əsasən rəsmi İrəvanın məkrli niyyətləri şərtləndirib. Bəlkə də yüzlərlə insanın həyatının itirildiyi bu savaş Ermənistanda hakimiyyətə yeni gələn Nikol Paşinyanın düşüncəsiz əməlindən – hansısa hərbi uğur əldə etməklə xalqı arasında nüfuz, reytinq qazanmaq kimi nifrət doğuran istəyindən qaynaqlanıb. Ancaq o, bu cür oyuna girməklə çox ciddi səhvə yol verdiyini, böyük xəta törətdiyini unudub.

Nəticəsi isə fəlakətli oldu, Ermənistan acı məğlubiyyətlə üzləşdi, ordusu darmadağın edildi, iqtisadiyyatı iflic vəziyyətinə düşdü, əhalinin onsuz da ağır olan sosial vəziyyəti son dərəcə pisləşdi.

Bəli, bu, bir tərəfdən Nikol Paşinyanın hakimiyyətdə tamamilə təsadüfi bir şəxs olmasının göstəricisidirsə, digər tərəfdən, onun ölkəsində sülh, əmin-amanlıq istəyinin yoxluğunun təsdiqidir. Məhz elə bunun nəticəsidir ki, Ermənistan uzun illərdir ki, beynəlxalq aləm tərəfindən ciddi dövlət kimi qəbul edilmir, siyasi, iqtisadi və digər istiqamətlərdə əməkdaşlığa dəvət olunmur, beynəlxalq münasibətlər sistemində özünə layiqli yer tuta bilmir.

Onu da qeyd edim ki, Ermənistanın yerləşdiyi regionda illərlə hökm sürən özbaşınalığının, əgər belə demək mümkünsə, ərköyünlüyünün başqa səbəbləri də var. Bu məsələdə ən çox təəssüf və təəccüb doğuran odur ki, qəsbkarın belə arxayın əl-qol açması havadarlarına arxalanması, nüfuzlu dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən onun işğal siyasətinə qəti mövqe bildirilməməsi, Qarabağ münaqişəsinə ikili standartlar və beynəlxalq riyakarlıq müstəvindən yanaşılması ilə sıx bağlıdır.

Prezident İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə müsahibəsində qeyd etdiyi kimi, beynəlxalq vasitəçilər tərəfindən müharibənin, insan faciələrinin və fəlakətlərin qarşısı alına bilərdi: “Əgər Minsk qrupu Ermənistana vaxtında ciddi təzyiq göstərsəydi, təbii ki, Ermənistan məcbur olub işğal edilmiş torpaqlardan çıxacaqdı və belə olan halda müharibəyə ehtiyac qalmazdı. Ancaq onlar bu təzyiqi etmədilər. Baxmayaraq ki, Minsk qrupuna həmsədrlik edən üç dövlət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvüdür. Yəni, onlar dünya miqyasında ən güclü ölkələr sayılır…”.

Rəşad Mahmudov bildirib ki, dünyanın nüfuzlu dövlətləri, beynəlxalq təşkilatlar, BMT, eləcə də bir az əvvəl adı çəkilən Minsk qrupu beynəlxalq hüququn tələblərinə uyğun olaraq Ermənistanı cəzalandıra, işğal faktına görə ona sanksiyalar tətbiq edə bilərdi. Bununla Ermənistan işğalı dayandırar, tapdaq altında saxladığı ərazilərdə yerləşən yaşayış sahələrində–şəhər və kəndlərimizdə vandal əməllər törətməzdi. Lakin cəzasızlıq onun daha da sərbəstliyinə təkan verdi, yeni ərazilər işğal etmək istəyini gücləndirdi. Nəticəsi isə bir az əvvəl qeyd etdiyim ki, ağır oldu.

İkinci Qarabağ müharibəsində əldə edilən parlaq qələbə ölkəmizin siyasi nüfuzunun, iqtisadi-hərbi qüdrətinin təsdiqinə çevrilib, eyni zamanda, regionumuzda tamamilə yeni geosiyasi və geoiqtisadi reallıqlar yaranmasını şərtləndirib. Beləliklə, Azərbaycan dünyada öz sözü, mövqeyi, müstəqil xarici siyasəti olan ölkə imicini daha da möhkəmləndirib. Bütün bunlarla bərabər, Vətən savaşında Azərbaycanın ədalətli mövqeyinin dost və qardaş ölkələr tərəfindən müdafiə edilməsi, siyasi və mənəvi dəstək göstərilməsi ölkəmizin yeni güc mərkəzləri və yeni ittifaqlara qoşulması zərurətini meydana çıxarıb. Şübhəsiz ki, bu reallıq təhlükəsizlik və tərəfdaşlıq müstəvisində maraqların koordinasiya edilməsi və uzlaşdırılmasından irəli gəlib. Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında imzalanan Bakı Bəyannaməsi də məhz bu istiqamətdə atılan mühüm addım kimi tarixi hadisəyə çevrilib.

Rəşad Mahmudov açıqlamasında Azərbaycan Prezidentinin müsahibəsinin sonunda önəmli bir məsələyə də toxunduğunu diqqətə çatdırıb. “Dövlətimizin başçısı Rusiya sülhməramlı qüvvələrinin ötən müddətdəki fəaliyyətinin müsbət qiymətləndirilməsinə baxmayaraq, bəzi hərəkətlərdə narazılıq doğurduğunu da vurğulayıb. Bildirib ki, sülhməramlı qüvvələr işğaldan azad edilən ərazidə fəaliyyətə başlayandan sonra Ermənistan təxribatlarını dayandırmayıb və müharibə başa çatandan təxminən 15-20 gün sonra işğalçı ölkədən Laçın dəhlizi vasitəsilə düşməndən təmizlənən torpaqlara 62 nəfərdən ibarət bir təxribat qrupu göndərilib və bu, məlum 10 noyabr Bəyanatına haqlı olaraq tam zidd əməl kimi qiymətləndirilib. Belə halda isə həmin qrupun Azərbaycan Ordusu tərəfindən zərərsizləşdirilərək, həbs olunması qanunidir. İndi onları kimlərinsə hərbi əsir adlandırması anlaşılan deyil. Ümumiyyətlə, Azərbaycan xarici vətəndaşların ərazimizə qanunsuz daxil olmaları ilə bağlı məsələni rəsmi olaraq dəfələrlə qaldırıb. Çünki Qarabağ Azərbaycan ərazisi olduğu üçün icazəsiz o bölgəyə hər hansı bir xarici vətəndaşın gəlməsi haqlı narazılıq doğurur”,- deyə deputat bildirib.
Bu xəbər oxucular tərəfindən 264 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed