Şrift:
Azərbaycan və Özbəkistan arasında media əməkdaşlığına dair memorandumlar imzalanıb
04.10.2021 [10:00] - Xəbərlər, Mədəniyyət
Bakıdakı UNEC Tədqiqat Fondunun Departament rəhbəri Ellada Əliyeva, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev və Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiya Vasitələri Universitetinin rektoru, Beynəlxalq Press-klubun sədri Şerzod Kudratxocaev ilə görüşüblər

Görüşdə media sahəsində əlaqələrin daha da genişləndirilməsi, birgə layihələrin icrası, təcrübə mübadiləsi aparılması, qarşılıqlı təlimlərin keçirilməsi və digər məsələlər müzakirə olunub.

Sonra BAMF-nin prezidenti Umid Mirzəyev və universitetin rektoru Şerzod Kudratxocaev iki Memorandum imzalayıblar. Özbəkistan Universiteti və hər iki ölkənin press-klubları arasında əməkdaşlığa dair sənədlər təsdiq edilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Şerzod Kudratxocayev arasında da əməkdaşlığa dair memorandum imzalanıb. Tərəflər hər iki ölkənin tanıdılması, media sahəsində əməkdaşlıq, birgə konfransların, mediaturların, Özbəkistan jurnalistləri üçün Azərbaycan dili kurslarının təşkili, press-kluba, universitetə Azərbaycana dair kitab və nəşrlərin göndərilməsini razılaşdırıb.

İmzalanma mərasimində Samir Abbasov 44 günlük Vətən müharibəsi zamanı Özbəkistan mətbuatının Azərbaycana mühüm informasiya dəstəyi göstərdiyini vurğulayıb. O, Özbəkistan tərəfinə öz təşəkkürünü bildirib və əlaqələrin daha da genişləndirilməsindən məmnunluğunu ifadə edib.

Şerzod Kudratxocayev Azərbaycanla əməkdaşlığa xüsusi önəm verildiyini və bu istiqamətdə Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlığın təqdirəlayiq olduğunu qeyd edib və yeni əlaqələrin qurulmasını yüksək qiymətləndirib.

Umud Mirzəyev hər iki ölkənin jurnalistləri və media qurumları arasında əməkdaşlığın yeni müstəviyə keçəcəyinə əminliyini vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 549 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed