Şrift:
Daşkənddə keçirilən “İpək yolu dürdanəsi” Beynəlxalq kinofestivalı başa çatıb
05.10.2021 [11:34] - Gündəm, Türk dünyası-Turan
Daşkənddə Azərbaycanın da iştirak etdiyi “İpək yolu dürdanəsi” adlı Beynəlxalq kinofestival başa çatıb.

Festivalın açılış mərasiminə dünyanın 50-yə yaxın ölkəsindən 350 qonaq qatılıb.

Festivalda Azərbaycan Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin müdiri, kinorejissor və ssenarist Rüfət Həsənov, həmin şöbənin sektor müdiri Rüfət Əliyev, Xalq artisti, kinorejissor Vaqif Mustafayev, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov, “Baku Media Center”in icraçı direktoru Orman Əliyev, “UNEC TF” Fondunun departament müdiri Ellada Əliyeva, Beynəlxalq “Avrasiya” Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, rejissor Afaq Yusifli və digərləri iştirak ediblər.

Festival çərçivəsində Azərbaycan filmləri günü də keçirilib. Azərbaycan kinematoqrafçılarının gətirdiyi “Daxildəki ada” (Rüfət Həsənov), “İrs” (Zaur Qasımlı, “Olimpiya (Əlisəttar Quliyev) və “Fəridə” (Kseniya Laqutina) filmləri Özbəkistanın Daşkənd, Xivə və Nukus şəhərlərində göstərilib.

Yüz əlli filmin nümayiş olunduğu Daşkənd festivalına fəxri qonaq kimi dünyanın məşhur aktyorları və rejissorları - Stiven Siqal, Jerar Depardye, Nikita Mixalkov, Timur Bekmambetov, Pavel Priluçnı, Lyuk Besson, Mithun Çakraborti qatılıb.

Qran-prini “İpək yolunda” qısametrajlı filminə görə gənc tacik rejissoru Şerzod Nazarov alıb. “Ən yaxşı rejissor” nominasiyasında Belarus rejissoru Mitri Semyonov qalib olub.

Festival çərçivəsində Özbəkistanın müxtəlif şəhərlərində yaradıcılıq görüşləri, ustad dərsləri, mətbuat konfransları keçirilib, Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun Daşkənddə filialı açılıb.
Bu xəbər oxucular tərəfindən 524 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed