Şrift:
Yaponiyanın yeni Baş naziri ilk telefon danışığını ABŞ Prezidenti ilə keçirib
05.10.2021 [11:37] - Xəbərlər, Siyasət
Yaponiyanın yeni Baş naziri Fumio Kişida oktyabrın 5-də səhər jurnalistlərə hökumət başçısı seçildikdən sonra ilk telefon danışığını ABŞ Prezidenti Co Baydenlə keçirdiyi barədə məlumat verib.

Bu, F.Kişidanın Baş nazir vəzifəsində əcnəbi liderlə keçirdiyi ilk telefon danışığıdır. Baş nazir, həmçinin 20 dəqiqə davam edən telefon danışığının təfərrüatları barədə də məlumat verib: “Biz Yaponiya-ABŞ ittifaqını möhkəmləndirməyə hazır olduğumuzu, azad və açıq Hind-Sakit okean regionu konsepsiyasının həyata keçirilməsi üçün birgə fəaliyyətin zəruriliyini bir daha təsdiq etdik”.

Yaponiyanın yeni Baş naziri, həmçinin qeyd edib ki, danışıq zamanı C.Bayden təhlükəsizlik barədə müqavilənin 5-ci bəndinə uyğun olaraq Yaponiyanı müdafiə edəcəklərini və həmin bəndin Senkaku (Çin adı Dyaoyuydao) adalarına şamil olunduğunu da təsdiq edib.

F.Kişidanın sözlərinə görə, tərəflər bununla bərabər Çin, Şimali Koreya və koronovirus pandemiyası məsələləri ilə əlaqədar əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

“Biz, bir-birimizi adlarımızla - Co və Fumio çağırmaq və həmçinin tezliklə şəxsən görüşmək barədə razılaşdıq”, - deyə Yaponiya hökumətinin başçısı gülümsəyərək əlavə edib.

Bununla yanaşı, bu ərəfədə C.Baydenin F.Kişidaya yeni vəzifəyə seçilməsi münasibətilə təbrik məktubu göndərdiyi və burada iki ölkə arasında əməkdaşlığı möhkəmləndirmək ümidində olduğunu qeyd etdiyi bildirilir.

Xatırladaq ki, oktyabrın 4-də Yaponiya parlamentinin hər iki palatası səs çoxluğu ilə F.Kişidanı ölkənin 100-cü Baş naziri seçib.
Bu xəbər oxucular tərəfindən 290 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed