Şrift:
Azərbaycanın və Gürcüstanın Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planı imzalanıb
05.10.2021 [11:46] - Xəbərlər, Siyasət
Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 5-də bu ölkənin müdafiə naziri Cuanşer Burçuladze ilə görüşüb.

Söhbət zamanı ölkələrimiz arasında hərbi əməkdaşlığın müxtəlif sahələri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə dövlətlərimiz arasında müdafiə sahəsində əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyi xüsusi vurğulanıb.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan tərəflər ölkələrimizin ərazi bütövlüyünün qarşılıqlı şəkildə dəstəklənməsinin vacibliyini qeyd edərək, ikitərəfli hərbi əməkdaşlığın inkişafının bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyini bildiriblər.

General-polkovnik Zakir Həsənov Vətən müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Gürcüstan tərəfinə dərin təşəkkürünü bildirib.

Gürcüstanda keçirilən “Eternity-2021” kompüter dəstəkli üçtərəfli birgə komanda-qərargah təliminin keçirilməsinin ölkələrimiz arasında dostluğun və sarsılmaz əməkdaşlığın bariz nümunəsi olduğu bir daha diqqətə çatdırılıb.

Sonda Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Gürcüstan Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlıq planı imzalanıb.

Müdafiə sahəsi üzrə əməkdaşlığın genişlənməsinin ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə və inkişafına töhfə verəcəyi qeyd olunub.
Bu xəbər oxucular tərəfindən 285 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed