Şrift:
Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycan dilində dərsliklərlə təmin olunması davam etdirilir
07.10.2021 [09:10] - Gündəm, Mədəniyyət
Azərbaycan Respublikasının Təhsil Nazirliyi Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycan dilində dərsliklərlə təmin olunması istiqamətində tədbirləri davam etdirir.

Gürcüstanda Azərbaycan dilində təhsil alan şagirdlər üçün dərsliklər ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildən etibarən göndərilir. Ümummilli Liderimizin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanın Təhsil Nazirliyi tərəfindən bu il də Gürcüstana yeni dərsliklər göndərilib. Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib ki, bu il 21 adda 17 min 848 nüsxə Ana dili və ədəbiyyatı dərsliyi, müəllimlər üçün metodik vəsait göndərilib. Bu dərslik və metodik vəsait səfirlik vasitəsilə Gürcüstanın Təhsil və Elm Nazirliyinə təhvil veriləcək və nazirliyin xətti ilə azərbaycandilli məktəblərə paylanacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Gürcüstandakı soydaşlarımıza bu günədək 600 minə yaxın dərslik və digər metodik vəsait verilib.
Bu xəbər oxucular tərəfindən 405 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed