Şrift:
Güclü zəlzələ Yaponiyanın paytaxt regionunda fəsadlar törədib
08.10.2021 [11:23] - Gündəm, Hadisə
Oktyabrın 7-də yerli vaxtla saat 22:41 dəqiqədə baş verən güclü zəlzələ Yaponiyanın paytaxt regionunda fəsadlar törədib. Yaponiya Meteorologiya Agentliyi əvvəlcə zəlzələnin 6,1 bal gücündə olduğunu bildirsə də, sonradan onun gücünü 5,9 bala endirib.

Zəlzələdən sonra böyük dağıntılar qeydə alınmasa da, bütün paytaxt regionunda qatarların hərəkətində fasilələr baş verib. Tokionun Adaçi rayonunda sərnişin qatarı relsdən çıxıb və nəticədə üç nəfər xəsarət alıb.

Yüksəksürətli “Shinkansen” qatarlarının hərəkəti bir neçə saat müddətinə dayandırılıb. Yerli xətlərdəki qatarların hərəkətində də fasilələr yaranıb.

Gecə saatlarında evlərinə dönə bilməyən sərnişinlərin gecələməsi üçün Adaçi rayonundakı dövlət məktəbinin idman zalı döşək və ədyallarla təchiz edilib. Burada qəzaya uğramış qatarın sərnişinləri də daxil olmaqla təqribən 30 nəfərin gecələdiyi bildirilir.

Yeraltı təkanlar nəticəsində paytaxtın bir neçə rayonunda su xətlərinin sıradan çıxdığı qeyd edilir.

Tokionun şimalındakı tikililərdən birində baş verən yanğının qarşısı isə yanğınsöndürənlər tərəfindən alınıb.

Zəlzələ nəticəsində ümumilikdə 52 nəfərin xəsarət aldığı qeyd edilir.

Seysmoloqlar zəlzələnin afterşoklarının yaxın bir həftə ərzində baş verə biləcəyinə görə yerli sakinləri diqqətli və ehtiyatlı olmağa çağırırlar.
Bu xəbər oxucular tərəfindən 1168 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed