Şrift:
İsrail saytından sensasion iddia: Bakıda pilotsuz təyyarə oğurlamaq istəyən İran casusları tutulub
19.12.2012 [13:57] - Gündəm, Hadisə
İsrailin kəşfiyyat orqanı “MOSSAD”a bağlı debkafile saytı Azərbaycanda pilotsuz (xələbansız) kəşfiyyat təyyarəsi ələ keçirmək istəyən İran agentlərinin (casuslarının) həbs olunduğu barədə məlumat yayıb. Məlumatda deyilir ki, ötən həftə Azərbaycanda 6 İran agenti zərərsizləşdirilib. Onların İsraildən alınmış pilotsuz kəşfiyyat təyyarələrinin saxlanıldığı bazanı axtarmaq üçün ölkə ərazisinə keçdiyi bildirilir. Hər hansı mənbəyə istinad etməyən sayt bildirir ki, Azərbaycanda saxlanılan İran casuslarından pul, saxta pasportlar, avtomatik tapançalar, pilotsuz təyyarələri idarə etmək və izləmək üçün ən yeni elektron qurğular, habelə elektron siqnalları boğan qurğular aşkar edilib. Dindirilmə zamanı məlum olub ki, iranlılar Xəzər dənizi üzərində uçuş keçirən və İsrail istehsalı olan pilotsuz təyyarələrdən birini ələ keçirmək istəyirmiş.
Qeyd olunur ki, bundan əvvəl İran kütləvi informasiya vasitələri Azərbaycana aid pilotsuz təyyarələrin İran sərhədləri boyu uçuşlar keçirdiyini xəbər vermişdi. Lakin İranın müdafiə naziri Əhməd Vahidi bu məlumatı təsdiqləməmişdi. Bununla belə, İran mənbələri iddia edib ki, ABŞ (Amerika Birləşmiş Ştatları) və İsrail Azərbaycanın köməyi ilə ölkənin şimal sərhədlərini, habelə Xəzər dənizindəki İran sərhədlərini izləyir. İrandan səslənən iddialara görə, İsrailin Azərbaycana satdığı pilotsuz kəşfiyyat təyyarələrindən İrana qarşı kəşfiyyat aparmaq üçün istifadə olunur. Rəsmi Bakı isə əvvəllər olduğu kimi, bu iddiaları təkzib edərək Azərbaycan ərazisindən İrana qarşı kəşfiyyat məqsədilə istifadə edilməsini inkar edib.
Bu xəbər oxucular tərəfindən 730 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed