Şrift:
Zəfər tariximiz – Xudafərin körpülərinin işğaldan azad edilməsindən bir il ötür
18.10.2021 [11:17] - Xəbərlər, Siyasət
2020-ci il oktyabrın 18-i Zəfər tariximizə daha bir mühüm hadisə yazıldı. Azərbaycanın Müstəqilliyinin Bərpası Günündə Prezident İlham Əliyev xalqımıza növbəti qələbə müjdəsini verdi: “Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdı. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!”

Qəhrəman hərbçilərimiz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Xudafərin körpüsünün işğaldan azad edilməsi ilə bağlı raport verdilər. Bu xəbər hər bir azərbaycanlıya böyük sevinc və qürur bəxş etdi. Ermənistan silahlı birləşmələrinin 1993-cü ildə işğal etdiyi Xudafərin körpüsünün üzərində artıq bir ildir ki, Azərbaycan bayrağı dalğalanır.

Xudafərin körpüləri orta əsr Azərbaycan memarlığının dövrümüzə qədər gəlib çatan ən unikal abidələrindəndir. Bu abidələr Yaxın və Orta Şərq regionunun ən əzəmətli, ən məşhur körpülərindən hesab olunur. Araz çayının şimal və cənub sahillərini birləşdirən 11 tağlı körpü XI-XII əsrlərdə, 15 tağlı körpü isə XIII əsrdə inşa olunub. Xudafərin körpüləri Böyük İpək Yolunun inkişafında mühüm rol oynamış və hərbi-strateji cəhətdən də müstəsna əhəmiyyətə malik olmuşdur.

Xudafərin körpüləri tarixin sərt sınaqlarından keçərək çox hadisələrə şahidlik edib. Bu hadisələrdən ən önəmlisi isə xalqımız üçün mənəvi əhəmiyyəti böyük olan abidələrin ötən il azadlığına qovuşmasıdır.

Vətən müharibəsindən sonra inşasına başlanılan Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti Xudafərin körpülərinin yaxınlığından keçir. Xudafərin-Qubadlı-Laçın avtomobil yolu başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürür. Prezident İlham Əliyevin oktyabrın 4-də təməlini qoyduğu “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı da Şərqi Zəngəzurun İrana çıxış nöqtəsində - Xudafərin körpülərinə yaxın ərazidə yerləşir. Bütün bunlar onu deməyə əsas verir ki, tarixi İpək Yolunun üzərində yerləşən, əsrlər boyu Araz çayının şimalı ilə cənubunu birləşdirən Xudafərin körpülərinin strateji əhəmiyyəti bundan sonra daha da artacaq.
Bu xəbər oxucular tərəfindən 108 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed