Şrift:
Şeyx Ayiş əl-Huvəyyan: Azərbaycan xalqının düşmən üzərində qələbəsi üçün Uca Allaha dua edirdim
19.10.2021 [09:46] - Xəbərlər, Siyasət
Azərbaycan xalqının düşmən üzərində qələbə çalması üçün Uca Allaha dua edirdim. Mən qardaş azərbaycanlılara sülh, əmin-amalıq və tərəqqi arzulayıram. Əminəm ki, İordaniya Kralı II Abdulla və Azərbaycan Prezidenti İlham Əliyevin möhkəm dostluq münasibətlərinə söykənən əlaqələrimiz bundan sonra da inkişaf edəcək.

Bu sözləri İordaniyanın nüfuzlu əl-Huvəyyan aşirətinin rəhbəri Şeyx Ayiş əl-Huvəyyan Azərbaycanın bu ölkədəki səfiri Eldar Səlimov ilə görüşündə söyləyib. Aşirətin mərkəzi ofisində yerləşən binada keçirilən görüşdə Liviya və İordaniyanın diplomatları, İordaniya Ali Məhkəməsinin və Vəqflər Nazirliyinin əməkdaşları da iştirak ediblər.

Şeyxə təşəkkürünü bildirən səfir E.Səlimov qeyd edib ki, dost ölkələrimiz arasında əməkdaşlıq yüksək səviyyədədir və İordaniya-Azərbaycan əlaqələrinin inkişafının böyük potensialı var.

Görüşdə çıxış edən iordaniyalı tarixçi-alim Ömər əl-Armuti İordaniya ictimaiyyəti adından Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevi və xalqımızı böyük Qələbə münasibətilə təbrik edib. O qeyd edib ki, indi Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə geniş bərpa-quruculuq işləri aparır və tezliklə torpaqlarından didərgin düşmüş azərbaycanlılar öz doğma yurdlarına qayıdacaqlar.
Bu xəbər oxucular tərəfindən 315 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed