Şrift:
Latviyada Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr edilmiş tədbir keçirilib
19.10.2021 [09:50] - Xəbərlər, Siyasət
Oktyabrın 18-də Latviyada Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu və 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərin birinci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Videokonfrans formatında təşkil olunan tədbir Azərbaycanın Latviyadakı səfirliyinin təşəbbüsü, eyni zamanda, Milli Məclisin və Latviya Seyminin parlamentlərarası dostluq qruplarının birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov, Latviya Seyminin Azərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun sədri, deputat Romans Naudinş, Milli Məclisin Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri, millət vəkili Kamran Bayramov və eləcə də hər iki ölkənin millət vəkilləri iştirak ediblər.

Səfir Elnur Sultanov çıxış edərək Azərbaycanın müstəqillik uğrunda keçdiyi şərəfli yoldan, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpası və qorunması istiqamətində yorulmaz fəaliyyətindən, onun ölkəmizdə həyata keçirdiyi dövlət quruculuğu və inkişaf siyasətindən, bu siyasətin hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin beynəlxalq arenada nüfuzundan, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından və qazandığımız tarixi zəfərin əhəmiyyətindən danışıb. Səfir, həmçinin Azərbaycan və Latviya arasında olan dost münasibətlərdən bəhs edib və 2017-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Latviyaya səfəri zamanı iki ölkə arasında imzalanmış Strateji tərəfdaşlıq münasibətlərinin yaradılmasına dair Birgə Bəyannamənin önəmini qeyd edib.

Latviya Seyminin Azərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun sədri, deputat Romans Naudinş çıxış edərək Azərbaycan xalqını müstəqilliyinin bərpasının 30-cu ildönümü və 44 günlük Vətən müharibəsi nəticəsində qazandığı tarixi Zəfər münasibətilə təbrik edib. O, 30 illik erməni işğalına son qoyulmasından, Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsindən danışıb. Bildirib ki, cari ilin iyun ayında Azərbaycanda olarkən işğaldan azad edilən torpaqlarımıza səfər edib və Ermənistan tərəfindən Azərbaycanın şəhərlərinin və qeyri-maddi mədəni irsinin dağıdılmasının şahidi olub.

Milli Məclisin Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri, millət vəkili Kamran Bayramov ölkəmizin azadlıq mübarizəsindən, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xilaskarlıq missiyasından, eləcə də ölkəmizdə həyata keçirilən çoxşaxəli inkişaf siyasətindən və Azərbaycanın sahib olduğu nəqliyyat, energetika infrastrukturunun regional və beynəlxalq əhəmiyyətindən danışıb.

Millət vəkilləri Armands Krauze, Aleksandrs Kirsteins, Vitaliys Orlovs, Fatma Yıldırım və Emin Hacıyev çıxış edərək Azərbaycan xalqına təbriklərini çatdırıb, müstəqilliyinin bərpası və qazandığı tarixi Zəfərlə bağlı fikirlərini bölüşüblər.

Daha sonra iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi imkanları, həmçinin nəqliyyat və energetika sahələrində əməkdaşlıq, COVID-19 pandemiyası ilə mübarizə və digər qarşılıqlı maraq doğuran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
Bu xəbər oxucular tərəfindən 331 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed