Şrift:
Yaponiya qəzetləri Azərbaycanda müstəqilliyin bərpa edilməsinin 30-cu ildönümü ilə əlaqədar məqalələr yayıb
19.10.2021 [10:03] - Xəbərlər, Siyasət
Azərbaycanda 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar Yaponiyanın aparıcı və geniş oxucu kütləsinə malik yapon dilli “Nihon Keizai Shinbun” (NIKKEI) və ingilis dilli “The Japan Times” qəzetlərində səfir Gürsel İsmayılzadənin məqalələri dərc edilib.

“NIKKEI” qəzetindəki “Müstəqilliyin elan edilməsinin 30 illiyi” və “The Japan Times” qəzetindəki “Regional iqtisadi inkişafa təkan” adlı məqalələrdə 30 il əvvəl, 1991-ci ildə Azərbaycan Respublikasının rəsmi şəkildə müstəqil dövlət elan olunduğu bildirilir.

Müstəqilliyin ilk illərində ölkənin müxtəlif çağırışlarla üzləşdiyi, ərazilərinin işğalı, 1991-1993-cü illərdəki hökumətin səriştəsizliyi barədə məlumat verilir. Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışından sonra Azərbaycanın siyasi-iqtisadi inkişaf strategiyasının əsasının qoyulduğu vurğulanır. Dünya ictimaiyyətinin ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın ötən dövrdə siyasi, iqtisadi və ictimai sahələrdə böyük nailiyyətlər əldə etməsinin şahidi olduğu qeyd edilir.

Məqalələrdə 1994-cü ildə Xəzər dənizinin neft ehtiyatlarını xarici investorlara açan “Əsrin Müqaviləsi”, 1996-cı ildə imzalanmış “Şahdəniz” qaz yatağı ilə bağlı müqaviləyə, o cümlədən Azərbaycanın neft və təbii qazını Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi nəhəng enerji layihələri ilə beynəlxalq bazarlara çatdırılması haqda da məlumat verilir. Neft və qaz ehtiyatları ilə yanaşı, Azərbaycanın hazırda qonşu dövlətlərə elektrik enerjisi ixrac edən dövlətə çevrilməsi, ölkədəki bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində görülən işlərə də toxunulur.

Eyni zamanda, Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional nəqliyyat layihələrinin qurulmasında fəal iştirakı və bununla da ölkəmizin əsas və etibarlı nəqliyyat, logistika mərkəzlərindən birinə çevrildiyindən, ildə 15 milyon ton yük daşıma qabiliyyətinə malik olan və ehtiyacdan asılı olaraq ildə 25 milyon tona qədər artırıla biləcək Bakı Beynəlxalq Ticarət Dəniz Limanı haqqında, Azərbaycanı Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirən Zəngəzur dəhlizinın bölgə üçün yeni imkanlar yaradacağı barədə məlumat verilir.

G.İsmayılzadə Azərbaycanın müxtəlif sahələrdə - yoxsulluğun aradan qaldırılması, səhiyyə, qadınların cəmiyyətdə rolu, internet sahəsi, o cümlədən əhalinin sosial rifahın gücləndirilməsi və ictimaiyyətin davamlı inkişafı sahələrində böyük nailiyyətlər əldə etməsini qeyd edir.

Azərbaycan xalqının müstəqillik yolunu çətinlik və fədakarlıqla keçməsi və qurbanlar verməsi, 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra, torpaqlarının 20 faizinin işğal edilməsi və bunun nəticəsində 30 mindən çox insanın həyatını itirməsi və bir milyondan çox qaçqın və məcburi köçkünün olması oxucuların diqqətinə çatdırılır.

2020-ci ilin sentyabr-noyabr aylarında 44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycanın 30 ilə yaxın qanunsuz hərbi işğala məruz qalan torpaqlarını azad etdiyini, eyni zamanda, tarixi ədalətin, ərazi bütövlüyünün, bir milyon azərbaycanlının fundamental hüquqlarının bərpa olunduğu barədə oxuculara məlumat verilir.

Məqalələrdə Prezident İlham Əliyevin Azərbaycanın işğaldan azad olunmuş bütün ərazilərini “yaşıl enerji” zonası elan etdiyi və bu ərazilərdə genişmiqyaslı tikinti işlərinin aparıldığı barədə məlumat verilir. Azərbaycan ən qabaqcıl və innovativ texnologiyalardan, o cümlədən "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyasından istifadə edərək yeni şəhər və kəndlərin tikintisini aparır.

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi debatında videoformatda çıxışına toxunulur və dövlətimizin başçısının bildirdiyi kimi, Azərbaycanın Cənubi Qafqaz regionunda hamı tərəfindən nəzərə alınmalı olan yeni reallıq yaratdığı diqqətə çatdırılır. Nəhayət, Cənubi Qafqazda çoxdan gözlənilən sülh, təhlükəsizlik və sabitliyin hökm sürəcəyi, Azərbaycanın regional sülh və inkişafa töhfə vermək və gücləndirmək üçün ardıcıl səylərini davam etdirəcəyi məqalələrdə vurğulanır.
Bu xəbər oxucular tərəfindən 404 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed