Şrift:
Zəfərə az qalmış şəhadətə yüksələn və nəşi 29 gündən sonra torpağa tapşırılan şəhid
26.10.2021 [10:29] - Xəbərlər, Sosial
Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Araz Cəfərov ötən il Vətən müharibəsi başlayanda silahına sarılıb döyüşə ön sıralarda atılanlardan biri idi. Füzuli, Zəngilan, Qubadlı, Laçın istiqamətində gedən hərbi əməliyyatlarda böyük qəhrəmanlıq nümunələri göstərib. Müharibənin sonlarına yaxın - noyabrın 4-də Laçın istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Nəşi ailəsinə düz 29 gündən sonra təhvil verilib. Ölkə başçısının sərəncamları ilə ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Cəfərov Araz Səmədağa oğlu 1993-cü il yanvarın 28-də Cəlilabad rayonunun Qarazəncir kəndində anadan olub. Müddətli həqiqi hərbi xidməti başa vurduqdan sonra Araz Cəfərov Azərbaycan Silahlı Qüvvələri tərkibində Azərbaycanın Sülhməramlı Qüvvələrində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi ordu sıralarına qoşulub.

Şəhidin qardaşı Elçin Cəfərov deyib: "Vətən müharibəsi başlayanda qardaşım bir hərbçi kimi Vətənə borcunu yerinə yetirmək üçün ön cəbhəyə atıldı. Dörd rayon uğrunda gedən döyüşlərdə - Füzuli, Zəngilan, Qubadlı, Laçın istiqamətində aparılan hərbi əməliyyatlarda iştirak etdi. Füzuli, Zəngilan, Qubadlı Zəfərini yaşadı. Təəssüf ki, müharibənin bitməsinə sayılı günlər qalmış şəhid oldu. Müharibə bitəndən sonra aparılan axtarışlar nəticəsində nəşi tapıldı. Nəşini dekabrın 2-də təhvil alıb canından çox sevdiyi Vətən torpağına tapşırdıq. Çox təəssüf ki, qardaşıma Zəfəri görmək, uğuruna şəhid olduğu Laçının düşmən tapdağından xilas edilməsinə şahid olmaq, Şuşanın azad edilməsində iştirak etmək nəsib olmadı. Amma bilirəm ki, onun ruhu şaddır. Çünki onun döyüş yoldaşları torpaqlarımızı düşməndən təmizlədi, qardaşım kimi minlərlə qəhrəmanın qanını yerdə qoymadılar. Arazın özündən yadigar iki övladı - bir oğlu, bir qızı qalıb. Qardaşım döyüşlərə atılanda bilirdi ki, ya ağır yaralana, ya da şəhadətə yüksələ bilər. Lakin arxayın idi ki, əgər şəhid olarsa, dövlətimiz onun ailə üzvlərini, övladlarını diqqətdən kənar saxlamayacaq. Belə də oldu. Arazın ailəsinə şəhid ailəsi olaraq Xocəsəndə üçotaqlı mənzil verildi. Buna görə Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Hər zaman şəhid ailələri və qazilər ölkə başçısının diqqət və qayğısını hiss edirlər. Arazın ruhu bir daha şad oldu. Çünki nigaran qaldığı övladları daha yaxşı şəraitdə böyüyəcək, onun görmək istədiyi kimi Vətənə, xalqa sadiq və faydalı vətəndaşlar olacaqlar. Araz Vətən əmanətinə sahib çıxdı, dövlətimiz də onun əmanətinə”.
Bu xəbər oxucular tərəfindən 477 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed