Şrift:
Bərdə: Düşmənin raket atəşi nəticəsində ziyan dəymiş tikililərdə təmir-bərpa işləri yekunlaşmaq üzrədir
26.10.2021 [10:53] - Xəbərlər, Sosial
Ötən il sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin artilleriya və ballistik raketlərlə atəşə tutulması nəticəsində Bərdə şəhərində 5 ev və 2 qeyri-yaşayış obyekti dağılıb, 240-dan çox ev və tikiliyə zərər dəyib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında qısa zaman ərzində görülmüş işlər nəticəsində Bərdə şəhərində 215 tikili təmir-bərpa olunub, 5 ev və 1 sahibkarlıq obyekti tamamilə yenidən tikilərək sakinlərə təqdim olunub. Hazırda 28 tikilinin təmir-bərpası davam edir, 1 sahibkarlıq obyektinin tikintisi yekunlaşmaq üzrədir. Qısa zamanda Bərdə şəhərində işlərin tam yekunlaşması nəzərdə tutulur.

Rayon sakinləri düşmən təxribatları zamanı dəymiş ziyanın aradan qaldırılması istiqamətində görülən işləri rəğbətlə qarşılayır, dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər. Bərdə şəhər sakini Xalid Vəliyevin də evi ermənilərin raket atəşi ilə dağılmışdı. İndi ona dağılmış evinin yerində daha geniş və rahat ev tikilib. O, yeni evdəki şəraitindən çox razıdır: “Keçən il oktyabrın 8-də Bərdənin atəşə tutulması nəticəsində bizim evimiz də yararsız hala düşmüşdü. Dövlətimiz tərəfindən əvvəlkindən də geniş, yaraşıqlı və keyfiyyətli ev tikilib. Hazırda həmin evdə yaşayırıq. Görülən işlərdən çox razıyıq. Dövlətimizə, Prezidentimizə minnətdarıq”, – deyə X.Vəliyev bildirib.

Digər sakin Pərviz Mətləbov isə deyib: “Ötən il oktyabrın 8-i idi. Qəfildən göydə partlayış baş verdi. Mən çölə çıxdım. Hərə bir yana qaçdı. Mərmi obyektin üstünə düşüb dağıtdı. Salamat bir şey tapıb çıxarmaq olmadı. Prezident İlham Əliyevin göstərişi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikinti işləri həyata keçirilir, obyekt bərpa edilir. Artıq işlər yekunlaşmaq üzrədir. Zəhməti olan hər kəsǝ təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonları müxtəlif növ silahlarla, artilleriya və ballistik raketlərlə atəşə tutaraq mülki əhalini və eləcə də infrastruktur obyektlərini hədəf seçərək insanlıq əleyhinə cinayətlər törədib, günahsız şəxslər vəhşicəsinə qətlə yetirib, fərdi yaşayış evlərinə, sosial və iaşə tikililərinə irimiqyaslı zərər vurub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 6 noyabr tarixli Sərəncamına əsasən, dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə Dövlət Komissiyası yaradılıb. On bir şəhər və rayon ərazisində yerləşən zərər dəymiş tikililərə baxış keçirilib, qiymətləndirmə aparılaraq təmir-tikintinin ilkin planlaşdırılması işlərinə başlanılıb. Nazirlər Kabinetinin Sərəncamı ilə 11 şəhər və rayon ərazisində yerləşən yaşayış evləri, sahibkarlıq obyektləri və digər təyinatlı tikililərin inşası, təmir və bərpası üzrə sifarişçi funksiyaları, habelə tikinti prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib. Komitə tərəfindən yanvar ayının 27-dən etibarən ziyan dəymiş şəhər və rayonların ərazisində təmir-tikinti işlərinə start verilib.

Ümumilikdə 11 şəhər və rayon ərazisində 13 mindən çox tikiliyə ziyan dəyib. Dövlət başçısının tapşırığı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 11 min 300 yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb. Digərlərində işlər qrafik üzrə sürətlə aparılır və onların da yaxın zamanda tamamlanaraq mərhələli şəkildə təhvil verilməsi, sakinlərin rahat həyat şəraitinə qaytarılması üçün bütün qüvvələr səfərbər olunub.
Bu xəbər oxucular tərəfindən 483 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed