Şrift:
General-mayor Mustafa Nəsirovun anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib
26.10.2021 [11:04] - Xəbərlər, Sosial
İlk azərbaycanlı sərhədçi general Mustafa Nəsirovun anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən bildiriblər ki, general-mayor Mustafa Nəsirovun II Fəxri xiyabandakı məzarı ziyarət olunduqdan sonra mərasim onun ailə üzvləri, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri, istefada olan generallar və DSX-nin şəxsi heyətinin iştirakı ilə DSX Akademiyasında davam edib.

Tədbirdə çıxış edənlər adını Azərbaycan sərhəd mühafizəsi tarixinə qızıl hərflərlə yazmış, həyatını Vətənimizin hüdudlarının qorunmasına həsr etmiş ilk azərbaycanlı sərhədçi general Mustafa Cəfər oğlu Nəsirovun keçdiyi şərəfli ömür və xidmət yolundan danışıblar.

1943-cü ildə hərbi məktəbi bitirdikdən sonra zabit rütbəsi alan Müstafa Nəsirovun ömrünü sərhədlərin mühafizəsinə bağladığı, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin hərbi institutunun məzunu olduqdan sonra məsul vəzifələrdə çalışdığı, bu müddətdə sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsinə dair bir neçə əsərin müəllifi olduğu, sərhəd qoşunlarının fəaliyyətinin xüsusiyyətlərini nəzərə almaqla xidmətin təşkili üzrə irəli sürdüyü ideyaların bütün Sovet İttifaqında tətbiq olunduğu qeyd edilib.

Azərbaycanın Sərhəd Mühafizəsinin yaranması, formalaşması və inkişafı strategiyasının banisi ulu öndər Heydər Əliyevin bilavasitə dəstəyi ilə 1974-cü ildə Mustafa Nəsirovun general-mayor rütbəsi almış ilk azərbaycanlı sərhədçi olduğu, ulu öndər Heydər Əliyevin hələ sovet dövründə milli hərbi, o cümlədən peşəkar sərhədçi kadrların yetişdirilməsi sahəsində uzaqgörən addımları sayəsində qısa müddətdə sərhəd mühafizəsində onlarla Azərbaycanlının aparıcı vəzifələrdə xidmət aparmasına nail olunduğu bildirilib.

“Müstəqil dövlətimiz əsrlər boyu yaşayacaq. Nə qədər yaşayacaqsa, o qədər də onun sərhədləri olacaq və o qədər də sərhədləri qorumaq lazım olacaqdır”, – deyən Ulu Öndərin milli dövlətçilik kursunun və ideyalarının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında haqq savaşında tarixi ədalətin bərpa edildiyi, torpaqlarımız işğaldan azad olunaraq düşmən üzərində şanlı Qələbə qazanıldığı vurğulanıb, Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulmuş döyüş tapşırıqlarının uğurla icra olunduğu, Azərbaycan sərhədçilərinin qəhrəmanlıq və igidlik nümunələri göstərdikləri bildirilib.

Bu gün general-mayor Mustafa Nəsirovun layiqli davamçıları Vətəninə, xalqına, prezidentinə sadiq Azərbaycan sərhədçilərinin bütövləşmiş yurdumuzun sərhədləri boyunca üçrəngli müzəffər bayrağımız altında dövləti maraqları ən yüksək səviyyədə qorumaqdan böyük şərəf və qürur duymaları vurğulanıb.

Tədbir general-mayor Mustafa Nəsirovun həyatı və xidmət yoluna həsr olunmuş “Sərhəd fədaisi” sənədli filmin izlənilməsi ilə davam edib.
Bu xəbər oxucular tərəfindən 232 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed