Şrift:
Döyüş yoldaşını xilas edərkən şəhid olan hərbi həkim
26.10.2021 [11:13] - Xəbərlər, Sosial
Qırx dörd gün davam edən və ölkəmizin tarixi Zəfəri ilə başa çatan Vətən müharibəsi bizləri eyni amal ətrafında bir yumruq kimi birləşdirdi. Minlərlə igid Vətən oğulları, Qarabağın azadlığı uğrunda gedən haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldu.

Tibb xidməti leytenantı Adil Əfəndiyev də belə igidlərdən biri idi. Hərbi tibb qulluqçusu leytenant Adil Əfəndiyev 1995-ci il avqustun 12-də Qazax rayonunda anadan olub. 2001-ci ildə rayonun Mehdi Hüseyn adına məktəb-liseyində 1-ci sinfə gedib. 2012-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Tibb Universitetində “Hərbi həkim işi” ixtisasına daxil olub.

Müharibəyə yollananda həkim peşəsinə yenicə başlamışdı. 25 yaşlı Adilin çox arzuları vardı. Vətən torpaqlarının azad edilməsi isə onun ən böyük arzularından idi. Adil sadə və vətənpərvər bir oğul kimi böyüyüb. Onun ali məktəbə daxil olmasında və vətənpərvər böyüməsində anası, fizika müəllimi Afət Əhmədovanın xüsusi rolu olub. “Özüm ona 7 il dərs demişəm. Ali məktəbə hazırlaşdırmışam. Yəni, o, həmişə mənə məktəbdə “müəllim” deyə müraciət edirdi. Bir dəfə də məktəbdə “ana” demirdi. Təkcə ona lazım olan fənləri oxumurdu. Digər fənləri, o cümlədən tarixi də yaxşı oxuyurdu. Vətənpərvərliyi də ata-babasından keçib. O, həm hərbi həkimliyi seçmişdi, həkim kimi çox savadlı idi. Həm də hərb sənətini seçmişdi”, - deyə anası Afət Əhmədova bildirib.

2018-ci ildə Tibb Universitetini bitirən Adil təyinatla Naxçıvan Muxtar Respublikasının Culfa rayonuna göndərilib. Burada tibb xidməti rəisi vəzifəsində çalışıb. Vətən müharibəsi başlayanda isə döyüşlərə qoşulur. Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, hərbi həkim kimi... Atası Sərdar Əfəndiyev deyir ki, Adil Vətən müharibəsinə yollanmazdan öncə şəhid olacağını hiss etmişdi: “Müharibəyə getməmişdən qabaq Naxçıvanda dostlarına “gələcəyin şəhidi ilə şəkil çəkdir” deyirmiş. Bunu mənə yoldaşları danışıblar”.

Vətən müharibəsi zamanı Füzulinin azad edilməsi uğrunda döyüşlərdə iştirak edib. Daha sonra Xocavənd istiqamətində savaşlara qatılıb. Vətənin azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Adil Xocavəndin Tuğ kəndində gedən döyüşlərdə yoldaşını xilas edərkən şəhid olub. O, Qazax rayonunda dəfn edilib.

“Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib. Onun yaşadığı küçədə və rayon mərkəzi xəstəxanasının önündə xatirəsinə abidə inşa olunub.
Bu xəbər oxucular tərəfindən 491 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed