Şrift:
Təzyiqlərlə siyasi mühiti yoxlamağa çalışdılar
27.10.2021 [19:15] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Əgər Türkiyə təhdidlərə baş əysəydi, təzyiqlərin ardı gələcəkdi

"Hazırda Avropada iqtisadi çöküş yaşanır. Mavi yanacağın qiyməti 3-4 dəfə artıb. Belə məqamda Türkiyə kimi böyük müttəfiqdən imtina Qərbə sərf etmirdi"


FETÖ ilə əlaqə qurmaqda ittiham olunan iş adamı Osman Kavalanın azadlığa buraxılması tələbi ilə birgə bəyanatla çıxış edən səfirlər geri addım atıblar. ABŞ, Almaniya, Danimarka, Finlandiya, Fransa, Niderland, İsveç, Kanada, Norveç və Yeni Zelandiyanın Türkiyədəki səfirlikləri Vyana razılaşmasının 41-ci maddəsinə əməl edəcəklərini bildiriblər. Xatırladaq ki, diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının 41-ci maddəsi diplomatın yaşadığı ölkənin qanun-qaydalarına hörmət etməsini və daxili işlərinə qarışmamağını tələb edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfirlərin Vyana Konvensiyasının 41-ci maddəsinə əməl edəcəkləri açıqlamalarına münasibət bildirib.

Ərdoğan deyib ki, ölkənin müstəqilliyinə və millətin həssaslığına hörmət etməyən şəxs titulundan asılı olmayaraq Türkiyədə yaşaya bilməz: “Səfirlərin verdiyi hədsiz bəyanatlar hər hansı bir şəxsi deyil, birbaşa ölkəmizin məhkəmə sistemini hədəfə alıb. Bu münasibət ölkəmizdəki məhkəmə sisteminə, prokurorlarımıza, vəkillərimizə, bütün ədliyyə işçilərinə təhqirdir. Türkiyə məhkəmə sistemi heç kimdən göstəriş almır, heç kimə tabe deyil. Dövlət başçısı olaraq müstəqil və qərəzsiz məhkəmə sistemimizlə lazımi cavabı vermək ilk növbədə bizim borcumuzdur. Məqsədimiz böhrana səbəb olmaq deyil, Türkiyənin şərəfini, qürurunu və ləyaqətini qorumaqdır. Səfirliklərin verdiyi açıqlama ilə səhvən geri addım atılıb”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev “Şərq”ə deyib ki, güclü olan haqlı sayılmamalı, haqlı olan güclü olmalıdır. Partiya rəhbəri təəssüflə qeyd edib ki, təkcə haqlı olmaqla haqqı müdafiə etmək mümkün deyil, güclü olmaq şərtdir:


“Uzun müddət Türkiyəyə təzyiqlərin səbəbi qardaş ölkənin gücünün yetərli səviyyədə olmaması idi. Türkiyəni bütün məqamlarda əzməyə çalışırdılar. 1980-ci illərdə PKK terror təşkilatını yaradaraq Türkiyədə süni problemlər ortaya atdılar, ölkəni bölməyə təşəbbüs göstərdilər. ASALA terror təşkilatı dünyanın bir çox yerində türk diplomatları öldürməyə başladı. 100 il əvvəl Türkiyəyə qarşı həyata keçirilən imperialist siyasət heç zaman səngimədi, indi də davam etməkdədir. Çox qəribə mənzərədir ki, dünya gücləri terrorla mübarizəni əllərində əsas edirlər, qeyri-qanuni dövlət çevrilişlərinə qarşı olduqlarını deyirlər. Amma Türkiyə əleyhinə sivil olmayan yollarla çevriliş cəhdlərinə təşəbbüs edənləri, ölkədəki qanuni hakimiyyəti, konstitusiyanı zor gücünə dəyişmək istəyənləri müdafiə edirlər. Əfsuslar olsun ki, bu prosesdə Türkiyə daxilindəki maşalardan da istifadə olunur”.
F.Quliyev vurğulayıb ki, güclü Türkiyəni terrorla, kənar güclərin müdaxiləsi ilə çökdürə bilməzlər: “Qardaş ölkəni Ege dənizinə həbs etmək niyyəti güdürdülər, amma nail olmadılar. Türkiyə Liviya, Misir kimi dövlətlərlə münasibətləri yaxşılaşdırmaqla Aralıq dənizində bayrağını göylərə qaldırdı. Suriya və İraqda bufer zona yaratdı və bölgədə “kürd dövləti” yaratmaq projesini alt-üst etdi. Eyni zamanda Cənubi Qafqaz regionuna da daxil oldu. O səbəbdən Türkiyəyə basqılar bu gün də davam edir. Süni şəkildə lirəni ucuzlaşdırırlar. Müxalif partiyalardan istifadə edərək parlamentli idarəetmə sisteminə keçidlə bağlı yersiz müzakirələr açırlar. Amma Türkiyənin kifayət qədər güclənməsi bu hücumları dəf edir. 10 səfirin Türkiyənin daxili işlərinə qarışması sadəcə bir fərdin deyil, dövlətlərin məhkəmə prosesinə müdaxiləsi anlamına gəlirdi. Ankara hökuməti haqlı olaraq Vyana Konvensiyasının 41-ci maddəsini önə sürdü və səfirlərin geri addım atmasını tələb etdi”.

Partiya sədrinin qənaətincə, səfirlərin geri addım atmasının 2 səbəbi var:

“Birincisi, Türkiyə artıq çox ciddi gücdür, ikincisi isə Türkiyə önəmli əməkdaş və tərəfdaşdır. Həmin ölkələrin Türkiyə ilə ciddi iqtisadi əlaqələri var. Hazırda Avropada iqtisadi çöküş yaşanır. Mavi yanacağın qiyməti 3-4 dəfə artıb. Belə məqamda Türkiyə kimi böyük müttəfiqdən imtina Qərbə sərf etmirdi. Sadəcə təzyiqlərlə siyasi mühiti yoxlamağa çalışdılar. Əgər Türkiyə təhdidlərə boyun əysəydi, təzyiqlərin ardı gələcəkdi. Bu məsələdə Türkiyənin sərt reaksiyası və addımları çox doğruydu. İndi ABŞ və Avropanın qarşısında 10-15 il öncəki gücsüz ölkə yoxdur. Türkiyə bölgə gücündən dünya gücünə çevrilib. Əlavə olaraq qeyd edim ki, Azərbaycan və digər türk respublikalarının bu məsələdə Türkiyə ilə sıx əməkdaşlığı, ümumən xarici və hərbi siyasəti birgə koordinasiya etmələri çox önəmlidir. Türk etnosunun böyük potensialı var. Türkiyəyə qarşı olmaq həm də türk dünyasına qarşı çıxmaqdır”.

İsmayıl Qocayev/sherg.az
Bu xəbər oxucular tərəfindən 274 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed