Şrift:
Elnur Eltürk: “Qorqud” Klubu “Vikipediya”nın xarici dil bölmələrində Azərbaycanla bağlı sistemli fəaliyyət göstərir
02.11.2021 [14:01] - Xəbərlər, Mədəniyyət
“Vikipediya”nın xarici dil bölmələrində məqalələrin yeni faktlarla zənginləşdirilməsi və sayının artırılması daim diqqət mərkəzində olmalıdır. Bu gün “Qorqud” Vikipediya Metodik Klubunun könüllüləri və ekspertləri üzərlərinə düşən vəzifəni uğurla icra edirlər. Keçən ilin dekabrında yaradılan klubun üzvləri tərəfindən bu günə qədər yüzlərlə məqalə yaradılıb və zənginləşdirilib.

Bu barədə “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, klubda Ayxan Zayıdzadə, Qulamhüseyn Məmmədov kimi peşəkar ekspertlər, təcrübəli “Vikipediya” istifadəçisi, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbəsi Sübhan Xıdırzadə fəaliyyət göstərirlər. Klub tərəfindən son iki həftədə Azərbaycan xalqının görkəmli şəxsiyyətləri, memarlıq abidələri, Füzuli Beynəlxalq Hava Limanı haqqında məqalələrin yaradılması və əsaslı şəkildə redaktəsi uğurlu həyata keçirilib. Bu günlərdə Füzuli Beynəlxalq Hava Limanı, Şuşada yerləşən Mərdinli məscidi, çar ordusunun general-mayoru Hüseynqulu xan Xoyski, Qiyaslı məscidi, Koroğlu heykəli (Bakı), Çəmbərəkənd qəbiristanlığı, Milli Qəhrəman İbad Hüseynov, Geologiya Muzeyi, “Mələkli ev”, Müstəqillik Günü (Azərbaycan), Xoyski ailəsi kateqoriyası, Bəhmənli ailəsi, Fikrət Əmirovun “Gülüstan-Bayatı-Şiraz” əsəri haqqında türk, ingilis, qırğız, xorvat, özbək, rus, portuqal, ispan, yunan dillərində məqalələr yaradılıb və faktlarla zənginləşdirilib. Klubun könüllüləri “Vikipediya”nın Azərbaycan dili bölməsində fəaliyyət göstərir. Redaktəyə ehtiyac olan məqalələr mənbələrlə zənginləşdirilir. Ondan sonra isə məqalələr klubun tərcüməçilərinə təqdim edilir. Daha sonra xarici dil bölmələrində yaradılır.

E.Eltürk əlavə edib ki, prosesin uğurlu davam etdirilməsinin əsas səbəblərindən biri də klubunun yaradılmasının təşəbbüskarı Milli Məclisin deputatı Elnur Allahverdiyevin görülən uğurlu işlərlə bağlı öz sosial şəbəkə hesablarında maarifləndirici məlumatları yaymasıdır. Bu, bir növ cəmiyyətə hesabatdır. Həm də “viki” könüllülərin sayının çoxalmasına və mənəvi cəhətdən stimullaşdırılmasına səbəb olur. Klubun təlimçiləri tərəfindən könüllülərə ardıcıl təlimlər keçirilir. Rayonlarda da təlim prosesi geniş vüsət alır. Biləsuvar “viki” qrupu, Neftçala, Gədəbəy Gənclərin İnkişaf və Karyera Mərkəzinin gəncləri məqalə yaradılmasında iştirak edirlər. “Karabakh is Azerbaijan!” milli platformasının xaricdə yaşayan bir qrup fəalı, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan Qadınlar Klubu, Fransada “Alim” elmi assosiasiyası, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən “BƏƏ-də azərbaycanlı xanımlar” qrupunun üzvləri “Qorqud” Vikipediya Metodik Klubu tərəfindən keçirilən təlimlərdə iştirak ediblər.
Bu xəbər oxucular tərəfindən 354 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed