Şrift:
Türkdilli dövlətlərin öz “NATO”su-niyə də olmasın...
03.11.2021 [15:24] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Türk Şurasının hərbi bloka çevrilməsi bu ölkələrin hədəfi ola bilər və gerçəkləşərsə, rəsmi Bakı bu haqda düşünər
Türk Şurası yeni qatılan ölkələrlə güclənərək beynəlxalq status qazana bilər. “Yeni Müsavat” bildirir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib. O, Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclasının iştirakçılarına videomüraciətində belə deyib. Türkiyə liderinin sözləri kifayət qədər diqqət çəkir. Ərdoğanın sözlərindən belə nəticə hasil etmək olar ki, Türk Şurasının hərbi blokunun gələcəkdə yaranması istisna deyil.

Necə ki, Rusiyanın patronajlığı altında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) fəaliyyət göstərir, hətta bura türkdilli ölkələr də daxildir, belə bir hərbi alyansın türkdilli dövlətlərdən təşəkkül tapması niyə də olmasın?! Amma ilk növbədə Özbəkistan kimi, Qazaxıstan və Qırğızıstan da KTMT üzvlüyündən çıxmalıdır ki, bu qərar da Rusiyanın xoşuna gəlməyə bilər, Türkiyənin bu ölkəyə qarşı yönəlmiş geosiyasi addımı kimi qiymətləndirilər. Burada digər incə nüans da var - Azərbaycan indiyə qədər heç bir hərbi alyansa üzv olmayıb, nə NATO, nə KTMT-yə. Elə bu səbəbdən Qoşulmama Hərəkatında yer alırıq. Ən əsası Türkiyə özü NATO dövlətidir. Amma Türk Şurasının hərbi bloka çevrilməsi bu ölkələrin hədəfi ola bilər və gerçəkləşərsə, rəsmi Bakı bu haqda düşünəcək.

Hələlik isə məlum olan budur ki, Türk Şurası Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında qurulmuş olan beynəlxalq təşkilatdır. Amma təşkilatdır, hərbi blok deyil. Özbəkistan isə 14 sentyabr 2019-cu ildə quruma üzv olub. 2018-ci ilin sonlarından bu yana Macarıstan müşahidəçi dövlətdir və yaxın zamanda Türk Şurasına tam hüquqlu üzv olacağı gözlənilir. Lakin qloballaşmaqla yanaşı həm də müasir dünyada əsas məsələlərdən biri dövlət təhlükəsizliyidir. Belə bir əməkdaşlıq formatı varsa, niyə də Türkdilli dövlətlərin öz hərbi bloku olmasın? Məsələn, ABŞ, İngiltərə və Avstraliya belə bir hərbi əməkdaşlıq formatı yaradıb. Söhbət AUKUS ittifaqından gedir və Kanadanın qoşulması da gözlənilir. Odur ki, Türkdilli ölkələrin “NATO”sunun olması real görünürmü?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Yeni Müsavat”a qeyd etdi ki, Qoşulmama Hərəkatında olsaq da, yeni təhlükəsizlik platformasından imtina etməli deyilik. Onun fikrincə, əgər bizim maraqlarımızı və təhlükəsizliyimizi təmin edərsə, köhnələrdən imtina etmək də olar: “Burada ərzaq, iqtisadi təhlükəsizlik də nəzərdə tutulur və tam normal məsələdir. Türkiyə və Azərbaycan bunu doğru təhlil edib. Biz KTMT və NATO kimi bir-birinə fərqli dayanan tərəflərə savaş açmırıq. Sadəcə, ortaq ordumuzu yaradırıq və cənab Ərdoğan da dedi ki, Türk Şurası türkdilli dövlətlərin təşkilatına çevrilə bilər və burada təhlükəsizliyi təmin edən davranış olmalıdır”.

F.Quliyev hesab edir ki, İranın son hərəkətlərini yada salmaq kifayətdir: “Türkiyə və Pakistan mövqe qoymasaydı, bizə əlavə problem yarada bilərdi. Ona görə zərurət olarsa, təhlükəsizlik blokuna çevrilə bilər və əsas millətimizin təhlükəsizliyi məsələsidir”.

Emil SALAMOĞLU/“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 507 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed