Şrift:
Tarixçi alim: 8 Noyabr Azərbaycan tarixinin şanlı səhifəsinə qızıl hərflərlə yazılıb
05.11.2021 [13:46] - Gündəm, Mədəniyyət
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konfrans keçirilib.

Bu barədə AMEA-dan məlumat verilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Vətən uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə açan institutun icraçı direktoru Cəbi Bəhramov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbədən bəhs edib. Cəbi Bəhramov qeyd edib ki, 8 Noyabr Azərbaycan tarixinin şanlı səhifəsinə qızıl hərflərlə yazılıb.

Tədbirdə institutun Azərbaycanın sovet dövrü tarixi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev “Vətən müharibəsi və yaxud “Dəmir yumruq” əməliyyatı” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, 44 gün davam edən Vətən müharibəsi 30 ilə yaxın davam edən işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələnib. Alim əlavə edib ki, müharibənin ilk günündən xalqımız siyasi həmrəylik, sarsılmaz birlik nümayiş etdirib.

Tədbirdə Birinci Qarabağ müharibəsi qazisi tarix üzrə fəlsəfə doktoru dosent Bəxtiyar Əhmədov “8 Noyabr böyük Zəfərə gedən yol” mövzusunda məruzə ilə çıxış edərək müasir Azərbaycan Ordusunun dünya hərb sənəti tarixinə yeni səhifə yazdığını vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 331 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed