Şrift:
Yaponiya hökuməti tam tərkibdə istefa verib
10.11.2021 [10:02] - Xəbərlər, Siyasət
Baş nazir Fumio Kişidanın rəhbərlik etdiyi Yaponiya hökuməti noyabrın 10-da tam tərkibdə istefa verib.

Bu barədə Yaponiya Baş nazirinin dəftərxanası məlumat yayıb. Bildirilir ki, Baş nazir Nazirlər Kabinetinin növbədənkənar iclasında bütün hökumət üzvlərinin istefa barədə ərizələrini toplayıb. Yeni hökumət formalaşanadək onlar öz idarələrinin rəisi vəzifələrini müvəqqəti icra edəcəklər.

Günün ikinci yarısında Yaponiya parlamentinin F.Kişidanı yenidən hökumət başçısı seçəcəyi və onun ölkənin 101-ci Baş naziri olacağı gözlənilir. Bundan sonra Baş nazir hökumətin yeni tərkibini elan edəcək. Hökumətin tərkibində yalnız xarici işlər nazirinin dəyişəcəyi bildirilir. Hakim Liberal Demokratik Partiyanın (LDP) baş katibi vəzifəsinə təyin edilən sabiq xarici işlər naziri Toşimitsu Moteqini əvvəllər bir neçə nazir vəzifələrində çalışmış Yoşimasa Hayaşi əvəz edəcək.

Xatırladaq ki, Fumio Kişida sentyabrın 29-da hakim LDP-nin sədri, oktyabrın 4-də isə Baş nazir seçilib. Onun yenidən Baş nazir seçilməsi oktyabrın 31-də parlamentin aşağı palatasına keçirilən seçkilərdən sonra formal xarakter daşıyır. Həmin seçkilərdə LDP böyük üstünlüklə qalib gəlib.

Hakim LDP-nin baş katibi Akira Amari birmandatlı dairədən namizədliyini irəli sürsə də qalib gələ bilməyib. Onun tutduğu vəzifədən istefa verməsi xarici işlər nazirinin dəyişməsinə də səbəb olub.

Əlavə olaraq qeyd edək ki, Akira Amari Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədridir.
Bu xəbər oxucular tərəfindən 268 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed