Şrift:
Tbilisidə “Cənnətdən gələn məktub” tamaşasının premyerası olub
10.11.2021 [10:39] - Gündəm, Mədəniyyət
Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərin ildönümü münasibətilə Gürcüstanda “Cənnətdən gələn məktub” adlı tamaşa hazırlanıb. Səhnə əsəri “Era Teatrı” tərəfindən Azərbaycan dilində nümayiş etdirilib.

Noyabrın 9-də Tbilisidəki Akaki Xorava adına Aktyorlar Evində tamaşanın premyerası olub.

Tamaşanın quruluşçu rejissoru və pyesin müəllifi Anar Rafiqoğludur.

Şahin Musaoğlunun “İgid Əsgər” mahnısı ilə başlayan “Cənnətdən gələn məktub” tamaşasının əsas süjet xəttini Vətənpərvərlik və şəhidlik təşkil edir.

Tamaşa şəhid olmuş ata ilə oğulun dialoqu, atanın kiçik qızına ünvanladığı məktub üzərində qurulub.

Səhnə əsərində birinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman ata rolunu aktyor Binəli İslamoğlu və ikinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan oğul rolunu isə aktyor Elnur Vəlizadə ifa ediblər.

Səhnə əsəri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə hazırlanıb.

Tamaşanın premyerasında Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları, DİDK-nin nümayəndələri, Azərbaycanlı İş Adamları Birliyinin və digər şirkətlərin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tamaşa böyük rəğbət və alqışlarla qarşılanıb.

Sonda səfir Faiq Quliyev və ziyalılar aktyorları təbrik edib, Vətən müharibəsində qələbəmizi tərənnüm edən bu cür tamaşaların hazırlanmasının vacibliyini vurğulayıblar.
Bu xəbər oxucular tərəfindən 334 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed