Şrift:
Bayraq Meydanında keçirilən ilk tədbir qələbəmizin bir illiyinə və Dövlət Bayrağı Gününə həsr olunub
10.11.2021 [10:40] - Xəbərlər, Sosial
Muxtar respublikanın ən gənc rayonu olan Kəngərli rayonunda yaradılan və 8 Noyabr – Zəfər Günündə istifadəyə verilən Bayraq Meydanında keçirilən ilk tədbir qələbəmizin bir illiyinə və Dövlət Bayrağı Gününə həsr olunub.

“Biz qalib gəldik!” adlı tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni oxunub və vətənpərvərliyin ən ali məqamına – şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər vurğulayıblar ki, noyabrın 8-də böyük təntənə ilə qeyd etdiyimiz Zəfər Günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə Bayraq Meydanının istifadəyə verilməsi gənc rayonun tarixində ən əlamətdar hadisə kimi tarixə düşüb. Muxtar respublikamızın digər bölgələrində olduğu kimi, Kəngərli rayonunda da Bayraq Meydanının istifadəyə verilməsi gənclərimizdə vətənpərvərlik hissinin gücləndirilməsi, onların dövlətçiliyimizə sədaqət ruhunda tərbiyəsi, dövlət atributlarımıza hörmət baxımından müstəsna əhəmiyyət daşıyır.

Tədbirin bədii hissəsində şagirdlər “Xalqın zəfər sevinci” adlı ədəbi-bədii kompozisiya təqdim edib, Zəfər Gününə və şanlı bayrağımıza həsr olunmuş şeirlər söyləyiblər. Qıvraq qəsəbə tam orta məktəbinin şagirdi Zübeydə Məmmədovanın Azərbaycan əsgərinə ünvanlandığı məktubu oxunub. Məktəblilər Xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeiri əsasında fləşmob da təqdim ediblər.

Sonra şagirdlərin rəsm əsərlərindən ibarət “Zəfərin mübarək, Azərbaycan!” sərgisinə baxış olub.

Tədbirdə iştirak edən şagirdlərə Bayraq Meydanı barədə ətraflı məlumat verilib.
Bu xəbər oxucular tərəfindən 337 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed