Şrift:
“Cavidşünaslıq” çoxcildliyi Hüseyn Cavidin ev-muzeyinə təqdim olunub
11.11.2021 [11:01] - Gündəm, Mədəniyyət
Noyabrın 10-da Hüseyn Cavidin Naxçıvan şəhərindəki ev-muzeyində “Cavidşünaslıq” çoxcildliyinin təqdimatı olub.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək bildirib ki, belə bir tədbirin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə bu qədim diyarda elmə, təhsilə, mədəniyyətə göstərilən böyük dövlət qayğısının nəticəsi kimi baxmaq mümkündür. Digər tərəfdən bu təqdimat Hüseyn Cavid irsinin öyrənilməsində, cavidşünaslıqda mühüm araşdırmaların aparılmasında yeni mərhələnin başlanğıcı sayıla bilər.

Qeyd edilib ki, bu çoxcildliyin əmələ gəlməsində Hüseyn Cavidin ev-muzeyinin direktoru Gülbəniz Babaxanlının və muzeyin kollektivin böyük əməyi olub. Təqdim olunan çoxcildlik müasir dövrün cavidşünasları üçün qiymətli xəzinədir. Məhz bu toplu ilə müstəqil dövlətçilik idealları işığında Hüseyn Cavidi yenidən öyrənmək mümkündür.

Vurğulanıb ki, çoxcildliyin ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında təqdim olunması da mühüm əhəmiyyət daşıyır. Bunun bir səbəbi Hüseyn Cavidin Naxçıvanda doğulması ilə əlaqədardırsa, digər səbəbi isə muxtar respublikada elmə, təhsilə, mədəniyyətə, ədəbiyyata, muzey işinə verilən böyük dəyərlə bağlıdır.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini Həsən Kərimov bildirib ki, Hüseyn Cavid irsinin öyrənilməsi və yaşadılması, gənclərin azərbaycançılıq və vətənpərvərlik ruhunda tərbiyəsi baxımından xüsusi əhəmiyyət daşıyır. Xalqımızın bir çox klassik sənətkarları kimi Hüseyn Cavid irsinin və sənətkar şəxsiyyətinin də əsl qiymətini ümummilli liderimiz Heydər Əliyev verib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı sərəncamlarla görkəmli ədibin 2007-ci ildə 125, 2012-ci ildə isə 130 illik yubileyləri geniş şəkildə qeyd edilib. Bununla yanaşı, dahi şairin həyat və yaradıcılığına həsr olunan simpozium və konfranslar keçirilib, sərgilər təşkil olunub. Görkəmli mütəfəkkirin adının əbədiləşdirilməsi məqsədilə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəb Hüseyn Cavidin adını daşıyır.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 15 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Hüseyn Cavidin 125 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən, hər il oktyabrın 24-ü muxtar respublikada Hüseyn Cavid Poeziya Günü kimi qeyd olunur. Bu artıq ənənə halını alıb, görkəmli ədibin zəngin və möhtəşəm yaradıcılığını ədəbi-nəzəri fikrin diqqət mərkəzinə çəkməklə əsl poeziya bayramına çevrilib, Hüseyn Cavid bədii irsinin öyrənilməsi, eləcə də gənclər arasında təbliğinə geniş imkan açıb.

Hüseyn Cavidin ev-muzeyinin direktoru və kitabın müəllifi Gülbəniz Babaxanlı bildirib ki, bu çoxcildliyin hazırlanmasına 20 il bundan əvvəl başlayıb. Hüseyn Cavidin ev-muzeyində işləməyə başlayandan sonra burada böyük Cavidlə bağlı daha çox materiallarla rastlaşdım. Araşdırmalar isə bizi daha əvvələ - 1912-ci ildə Hüseyn Cavid haqqında yazılmış ilk məqaləyə aparıb çıxartdı. Sonra isə digər arxiv və kitabxanalarda araşdırmalara başladıq və 1912-ci ildən 2017-ci ilədək Cavidlə bağlı mətbuatda dərc olunmuş bütün materialları bir yerə topladıq. Çoxcildlikdə Hüseyn Cavidin şəxsi məsələlərindən tutmuş elm sahələrinə aid çoxsaylı məqalələri var. Böyük ədibin teatrşünaslıq, mətnşünaslıq, tarixşünaslıq, fəlsəfə və digər sahələrə aid məqalələrinin olması həm də bu kitablardan təkcə ədəbiyyatşünaslar deyil, digər elm sahələrində çalışanlar üçün də qiymətli mənbə rolunu oynaya bilər.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli qeyd edib ki, tarixən bizim şair və yazıçılarımız öz əsərlərində dövlətin, dövlətçiliyin möhkəm təməllər üzərində qurulmasını, azad, müstəqil cəmiyyət arzusunu dilə gətirib, bunu ədəbiyyatın dili ilə insanlara çatdırıblar. Sevindirici haldır ki, bu gün biz həmin güclü dövləti olan azad, müstəqil cəmiyyətdə yaşayırıq. Bu gün dövlətimiz tərəfindən elmə, mədəniyyətə, ədəbiyyata böyük qayğı göstərilir və bunun da nəticəsində bu kimi əsərlər çap olunur.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar bildirib ki, 30 cilddən ibarət “Cavidşünaslıq” əsərinin bu gün ilk dəfə olaraq Naxçıvanda təqdimatı bizim üçün qürurvericidir. Digər tərəfdən bu kitab Naxçıvana sevginin bəhrəsidir. Hamımıza məlumdur ki, bu kitabda naxçıvanlı müəlliflərin məqalələri daha çox yer alıb. Məmmədcəfər Cəfərov, Kamran Əliyev, Cəlal Qasımov, Lütviyyə Əsgərzadə, digər tərəfdən hazırda AMEA Naxçıvan Bölməsində çalışan bir çox əməkdaşların Hüseyn Cavid haqqında məqalələri bir daha onu göstərir ki, Naxçıvanda Hüseyn Cavid irsinə sevgi, məhəbbət böyükdür.

Çıxış edənlər yaradılmış şəraitə görə minnətdarlıqlarını bildirib, “Cavidşünaslıq” çoxcildliyinin nəşrinin cavidsevərlər üçün böyük hədiyyə olduğunu qeyd ediblər.

Sonra Hüseyn Cavidin ev-muzeyi və məqbərəsi ziyarət olunub.
Bu xəbər oxucular tərəfindən 585 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed