Şrift:
Fərəc Quliyev:Zəngəzur dəhlizi türk dünyasını birləşdirəcək: “Dünya siyasətində yeni bir era başlayacaq”
13.11.2021 [21:35] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin bölgə üçün nə dərəcə önəmli olduğu aydın məsələdir.

Bu layihənin reallaşmasına qarşı çıxan bir sıra güclər də məhz türk dünyasının birləşməsini istəməyənlərdir. Amma Azərbaycan bu məsələdə israrlıdır və Zəngəzur dəhlizinin açılması ilə bağlı ciddi addımlar atır.

Qeyd edək ki, Azərbaycanın qəlbəsini, Ermənistanın isə məğlubiyyətini rəsmiləşdirən 10 noyabr üçtərəfli Bəyanatında da Zəngəzur dəhlizinin açılması məsələsi göstərilib.

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Dövlətləri Təşkilatı) VIII Zirvə Görüşündə çıxışı zamanı da bu məsələdən danışıb və bildirib ki, ikinci Qarabağ savaşının nəticələri bölgə üçün yeni imkanlar açır:

“Nəqliyyat baxımından Zəngəzur dəhlizinin açılması bütün bölgə üçün yeni imkanlar açacaqdır. Zəngəzur dəhlizi həm türk dünyasını, həm Avropanı, həm qonşu ölkələri birləşdirə biləcək bir layihədir və bu layihənin gerçəkləşməsi istiqamətində fəal işlər gedir. 1920-ci ildə sovetlər hakimiyyəti Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verməklə türk dünyasının coğrafi bağlantısını pozmuşdu. Bu gün bu coğrafiya bərpa olunur. Artıq nəqliyyat, kommunikasiya layihələrinin həyata keçirilməsi ilə bu coğrafiya yenidən birləşir”.

Göründüyü kimi, Prezident İlham Əliyev Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyini bir daha yüksək tribunadan dünyanın diqqətinə çatdırıb.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında deyib ki, SSRİ dövründə Zəngəzurun Ermənistana verilməsi və türk dünyasının kürəyinə xəncər sancılması elə-belə məsələ deyildi:

“Bu gün də 100 il əvvəl baş verənlər davam edir. Yenə də türk dünyasını bölmək, bir-birindən ayrı salmaq layihələri var. Ermənistanın yaradılmasında da məqsəd məhz bu idi. Ermənistan dövlət deyil, bir layihədir. Türkiyənin özünü də bölməyə çalışırdılar, amma Türkiyə böyük bir birlik nümayiş etdirdi və imperiyaları öz ərazilərindən qovdu. Zəngəzurun da Ermnistana verilməsi o vaxtı planın elementlərindən biri idi.

O layihəni bu gün də həyata keçirmək istəyirlər. Ona görə də İraqda, Suriyada, Türkiyənin daxilində PKK problemini qaldırmaqla bunu etməyə çalışırlar. Azərbaycan üçün yaradılan Qarabağ problemi də eyni məqsədi güdürdü. Necə ki, Azərbaycan və Türkiyə bu günə qədər oynanılan oyunları pozdu, Zəngəzur dəhlizi də xilas olandan sonra türk dünyasının parçalanması layihəsinin üzərindən xətt çəkiləcək. Bundan sonra dünya siyasətində yeni bir era başlayacaq. Türk element kimi dünya siyasətinə daxil olur. Dünyaya yeni bir düzən gətiriləcək ki, bunun açarının biri də Zəngəzur dəhlizidir”.

Vilayət Muxtar/Cebhe.info

Bu xəbər oxucular tərəfindən 533 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed