Şrift:
İmişlidə pambıq tarlalarından 16 min ton məhsul toplanıb
16.11.2021 [10:52] - Gündəm, İqtisadiyyat
İmişlidə pambıq tarlalarından 16 min ton məhsul tədarük edilib. Builki hədəf hər hektara 27 sentner olmaqla ümumilikdə 20 min tondan çox pambıq toplamaqdır.

İmişlidə pambıq yığımı davam edir. Son illər pambıq məhsuluna dövlət dəstəyinin olması fermerlərin də bu sahəyə olan marağını artırıb. Nəticədə təkcə İmişli rayonu üzrə cari ildə 1272 fermer pambıq becərib. İmişli rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Səlim Məhərrəmovun sözlərinə görə, rayon üzrə müxtəlif şirkətlərlə bağlanılan müqavilə əsasında əkin işləri aparılıb və 8170 hektar sahədə pambıq becərilib. Bu günə qədər 16 min ton məhsul tədarük edilib. İşlərin qısa müddətdə başa çatdırılması və məhsulun itkisiz toplanılması üçün əraziyə 30-a yaxın pambıqyığan kombayn cəlb edilib. Hazırda sahələrin bir çox hissəsində 1-ci yığım başa çatıb və ilkin göstərici ilə orta məhsuldarlıq 20 sentnerdir.

Tarlalarda vaxtında aparılan becərmə işləri, dərmanlama və ziyanvericilərə qarşı görülən tədbirlər öz bəhrəsini verib. Bu il yüksək göstəricilərlə pambıq məhsulu tədarük edən fermerlərdən biri də İmdad Məhərrəmovdur. 20 hektar sahədə pambıq becərən təsərrüfat sahibi ilk yığımda 73 tondan çox məhsul əldə edib. Hazırda isə ikinci yığım üçün hazırlıq işləri görülür. Fermer hədəfin hər hektara 45 sentner məhsul yığmaq olduğunu söyləyir.

Fermer Elşən Məmmədov isə cari ildə fərdi fermer təsərrüfatında 250 hektar ərazidə ağ qızıl yetişdirdiyini söyləyir. O qeyd edir ki, sahələrdə 3 dəfə becərmə işləri aparılıb, eyni zamanda məhsulun inkişafı üçün lazım olan gübrələr vaxtında verilib. “Bir neçə gündür yığım davam edir və orta hesabla hər hektara 30-35 sentner məhsul əldə edilib və ilk yığılan sahədən 50 ton məhsul tədarük edilib”,- deyə təsərrüfat sahibi söyləyib.
Bu xəbər oxucular tərəfindən 617 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed